...

"Koroğlu"dakı qəza yerində son vəziyyət (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 6 Aprel 2024 16:44 (UTC +04:00)
"Koroğlu"dakı qəza yerində son vəziyyət (FOTO/VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli bitum dağılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200 m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

xxx

16:40

Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısında baş verən qəza səbəbindən Böyükşor şosesi - “Koroğlu” metrostansiyası, mərkəz, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metrostansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

xxx

14:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

Trend FHN-ə istinadən xəbər verir ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə isə, bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

xxx

13:32

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti