Bakı. Trend:
Ağstafada məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb:
"Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir".
"Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik",- deyə əlavə edilib.
XXX
13:29
Ağstafada məktəblərdən birində bıçaqlanma hadisəsi baş verib.
Trend-in əldə etdiyi məlumata görə, 9-cu sinif şagirdi E.Y. məktəb yoldaşı F. N.-i bıçaqlayıb.
Hadisə tənəffüs vaxtı qeydə alınıb. Şagirdin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.