...

Marsda su?

Maraqlı Materials 28 Sentyabr 2012 12:38 (UTC +04:00)
Öz təyinat məntəqəsinə tədricən yaxınlaşan Marsda gəzən "Curiosity" robotu Maunt-Şarp dağında sensasiyalı kəşf edib: vaxtilə qırmızı planetdə su olub.
Marsda su?

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Öz təyinat məntəqəsinə tədricən yaxınlaşan Marsda gəzən "Curiosity" robotu Maunt-Şarp dağında sensasiyalı kəşf edib: vaxtilə qırmızı planetdə su olub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV NASA-dan verilən məlumata istinadən xəbər verir.

Bu iddianın sübutları danılmazdır. Belə ki, robot Yer kürəsinə dəyirmi səthə malik bir neçə daşın şəklini çatdırıb. Alimlərin fikrincə, "belə şəkil və forma nə vaxtsa bu süxurların çay məcrasında olmasından xəbər verir". Forma və çınqılın ölçüsünə görə, alimlər həmçinin müəyyən ediblər ki, şəkillərdə qədim çayın məcrası təsvir edilib. Onlar hətta çayın təxmini dərinliyini və sürətini də göstəriblər.

"Çayda su təxminən saniyədə 3 fut (saniyədə 0,9 metr) sürətlə axıb, dərinlik isə haradasa topuq və bud nahiyəsinə qədər olub", - "Curiosity" missiyasının rəhbərlərindən biri Bil Ditrix deyib.

Onun sözlərinə görə, Marsda suyun olması ilə bağlı indiyədək bir çox ehtimallar irəli sürülsə də, "bu birinci hadisədir ki, biz əslində Marsda suyun gətirdiyi çınqılı görürük".

Bu arada Con Qrotsinger adlı digər alim CBS-ə müsahibəsində qeyd edib ki, tədqiqatçılar artıq Qeyl kraterində uzaq keçmişdə su axınından şübhələniblər. Bunu orbital şəkillər əsasında fərziyyə etmək mümkün idi. Həmin şəkillərdə kraterin vadisi vasitəsilə axmış suyun izini ayırmaq mümkündür.

İndi alimlər robotun köməyi ilə daşların kimyəvi tərkibini, həmçinin onları birlikdə saxlayan törəməni öyrənməyi planlaşdırırlar. Bu tədqiqat Qeyl kraterinin geoloji quruluşunu daha dərindən öyrənməyə imkan verəcək. Bu halda alimlər Marsda həyatın olduğunu aşkar edə bilərlər. Belə ki, qədim çayda canlı orqanizmlərin yaşaması tamamilə mümkündür.

Xatırladaq ki, "Curiosity" qırmızı planetin səthinə avqustun 6-da enib və o vaxtdan artıq həvəskarlar Marsda həyatın olması ilə bağlı çoxlu sayda "danılmaz" sübutlar tapıblar.

Xəbər lenti

Xəbər lenti