Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir X.Murtuzayeva/
2030-cu ilədək planetimizdə əhalinin sayı xeyli artacaq, kəskin içməli su qıtlığı hiss olunacaq və beynəlxalq işlərdə ABŞ-ın rolu əhəmiyyətli dərəcədə azalacaq. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Kəşfiyyat üzrə Milli Şurasının "Qlobal tendensiyalar 2030: Alternativ dünyalar" adlı yeni məruzəsində deyilir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin, MKİ-nin, Pentaqonun və bir sıra başqa idarələrin analitikləri dünyanın inkişafının öyrənilməsi üzrə hesabatda "qlobal trendlər"ə, "meqatendensiyalar"a və "əsas amillər"ə söykəniblər.
Proqnozda deyildiyi kimi, 2030-cü ildə dünya indikindən əsaslı şəkildə fərqlənəcək, dünya hegemonu rolunda isə nə ABŞ, nə güc toplamaqda olan Çin, nə də başqa ölkə çıxış edəcək. Bununla yanaşı, qeyd edilir ki, müasirləşmə mərhələsindən keçən Rusiya "geniş beynəlxalq aləmlə daha çox" birləşəcək. ABŞ, öz növbəsində, enerji asılılığından qurtulacaq və Çin mallarına meyilli ticarət balansını sahmana salacaq.
İnkişaf etməkdə olan ölkələrlə müqayisədə ABŞ-ın rolunun azalmasına baxmayaraq, 2030-cu ilə qədər ölkə "ilk bərabərlərin arasında" qala biləcək. Buna iqtisadi güc və texnologiyalar imkan verəcək. Bütovlükdə, bir sıra Avropa dövlətlərinin, Yaponiya və Rusiyanın iqtisadi potensialı aşağı enəcək. Bu, ən az dərəcədə olacaq. Ancaq Rusiyanın əhalisi on milyon nəfərə qədər azalacaq ki, bu da işçi qüvvəsinin qıtlığına gətirib çıxaracaq. Amma Hindistan, Çin, Braziliya, İndoneziya və Nigeriya kimi ölkələr, həmçinin Afrikanın cənub dövlətlərində əksinə, iqtisadi inkişaf qeydə alınacaq.
20 ildən sonra OPEK-in neftin qiymətlərinə nəzarəti pozulacaq ki, bu da hər şeydən göründüyü kimi, neft və qaz ixracından asılı olan iqtisadiyyatlar üçün mənfi nəticələrə səbəb olacaq. Bununla yanaşı, informasiya texnologiyalarının inkişafı iqtisadi məhsuldarlığa geniş təsir göstərməyə başlayacaq. Tədqiqatın müəllifləri bildirirlər ki, sosial şəbəkələr və kiber-təhlükəsizlik kimi anlayışlar dünya iqtisadiyyatı bazarında ən dinamiklərdən biri olacaq.
Eyni zamanda, 20 ildən sonra dünyada əhalinin sayı təxminən 8,3 milyard təşkil edəcək ki, bu da bu gün olduğundan 1,2 milyard daha çoxdur. Bütün bunlar urbanizasiyaya və insan axınının miqrasiyasına gətirib çıxaracaq. Belə proqnoza səhiyyə texnologiyalarının inkişafı səbəb olacaq. Ancaq insan ömrünün uzanmasına görə dünya içməli su və enerjidaşıyıcıların çatışmazlığı problemləri ilə rastlaşacaq. Bu zaman suya ehtiyac iki dəfə, qida məhsullarına isə 1/3 dəfədən çox tələbat artacaq.