Azərbaycan, Bakı, 1 aprel /Trend/
Papua-Yeni Qvineyada 101 yeni həşərat növü aşkar edən alman bioloqlar onlara ad qoymaqda çətinlik çəkiblər.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bioloqlar məsələni asan yolla həll etmək üçün ölkədəki telefon kitabçasından təsadüfi adlar seçiblər.
Aşkar etdikləri yeni böcəklərin DNT-lərinə baxıb onlayn məlumat bazası yaratmaq istəyən elm adamları vaxta qənaət etmək üçün telefon kitabçasındakı Morea, Kanavi kimi təsadüfən seçdikləri adları böcəklərə veriblər.
"Ad qoymaq üçün istifadə edilən ənənəvi üsullar xeyli vaxt aparır. Lakin bizim bu qədər vaxtımız yoxdur. Meşələrdə kəşf edilməyən hələ çox böcək var", - Təbiət Tarixi Muzeyinin əməkdaşı Aleksandr Ridel deyib.