...

Azərbaycan Ermənistanın yeni prezidenti ilə görüşməyə hazır deyil -nazir müavini (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2008 14:09 (UTC +04:00)
Azərbaycan Ermənistanın yeni prezidenti ilə görüşməyə hazır deyil -nazir müavini (video)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün Ermənistanın yeni prezidenti ilə görüşməyə hazır deyil. "Çünki görüşün keçirilməsi üçün müvafiq şərait və hazırlıq işləri tələb olunur. Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparılması nəzərdə tutulursa, bunun üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşəbbüs göstərilməlidir" - deyə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov bildirib.

Fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrə görə, baş nazir Serj Sarkisyan seçicilərin 52,86 faizinin səsini toplayaraq qalib gəlib. Müxalifət bununla razılaşmır.

Əzimov hesab edir ki, seçkilərin rəsmi nəticələrinin açıqlanmasını gözləmək lazımdır.

Nazir müavini qeyd edib ki, həmsədrlərin yeni təşəbbüsləri Azərbaycanın sonrakı addımlarını və görəcəyi tədbirləri müəyyənləşdirəcək.

Onun sözlərinə görə, həmsədrlərin bölgəyə nə vaxt səfər edəcəyi məlum deyil.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti