...

BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında genişmiqyaslı "Xocalıya Ədalət" etiraz aksiyasi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2009 00:12 (UTC +04:00)
BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında genişmiqyaslı "Xocalıya Ədalət" etiraz aksiyasi keçirilib

Azərbaycan, Bakı, 28 Fevral / Trend , E.Rüstəmov/ Amerika Azərbaycan Cəmiyyəti (AAC) və Azərbaycan-Amerika Şurası (AAŞ) cümə günü BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında genişmiqyaslı "Xocalıya Ədalət" etiraz aksiyası keçirib.

Üç saat davam edən tədbirdə Amerikada fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi diaspor təşkilatlarının nümayəndələri, Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova iştirak edib.

Etiraz aksiyasında həmçinin AAŞ prezidenti Cavid Hüseynov ve AAC prezidenti Tomris Azəri iştirak ediblər. Etiraz aksiyası iştirakçıları adından BMT Baş Katibliyinə rəsmi məktub təqdim olunub.

Şənbə günü Nyu-Yorkda yerləşən Türk Mərkəzində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı konfrans keçiriləcək. Konfransda Tomris Azəri ve Cavid Hüseynov, millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova, Montana Universitesinin professoru Tomas Golts, Türkiyənin baş konsulu Mehmet Samsar və Türk Amerika Təşkilatları Federasiyasının rəhbəri Kaya Boztəpə çıxış edəcəklər.

Konfransda Heydər Əliyev Fondunun hazırladığı "Xocalı Soyqırımı" filmi, foto və rəsm sərgisi nümayiş olunacaq. Qonaqlara "Qarabağ Həqiqətləri" adlı kitablar paylanacaq. Eyni zamanda müəllifi millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova olan ingliscə "Xocalı Soyqırımı" kitabının təqdimat mərasimi keçiriləcək.

Konfransdan əvvəl isə Amerika KİV-nin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, AAC və AAŞ "Xocalıya Ədalət"  kampaniyası çərçivəsində Kaliforniyanın San Fransisko və Los-Anceles şəhərlərində, Texas və Vaşinqtonda bir həftə ərzində tədbirlər keçirir.

1992-ci il Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən 336-cı motoatıcı alayının köməyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum edib. Erməni silahlı qüvvələrinin dörd  tərəfdən əhatəyə aldığı şəhərdə qısa müddət ərzində yanğın baş verib. Şəhərin müdafiəçiləri və yerli əhali alov içində olan şəhəri tərk etmək məcburiyyətində qalıb. Fevralın 26-da şəhər erməni işğalçıları tərəfindən zəbt olunub.

Soyqırım nəticəsində 613 nəfər həlak olub, 487 nəfər əlil qalıb, 1275 dinc sakin ermənilər tərəfindən əsir götürülüb. 150 nəfər isə itkin düşüb.

Soyqırım zamanı səkkiz ailə tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti