...

Xocalı soyqırımı Avropa Parlamentində anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2009 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir C.Babayeva /

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı səfir Emin Eyyubov, Avropa Parlamentinin deputatı Jizela Kalenbax, Ceymstaun Fondunun aparıcı tədqiqatçısı Vladimir Sokor Xocalı soyqırımı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər", - Azərbaycanın Belçikadakı səfirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.  

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Tədbirdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə məlumat verilib və bu aksiyaya dəstək olaraq imzalar toplanıb.

Tədbirdə Avropa Parlamentinin deputatları, Avropa İttifaqında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələri, Brüsseldə fəaliyyət göstərən "beyin mərkəzləri" və Qeyri-Hökumət Təşkilatları, həmçinin Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti