Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.Tariverdiyeva /
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlarda irəliləyişi qeyd edir, ancaq Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə hansısa sənədlərin imzalanmasını gözləmirlər.
"Biz hər hansı sənədlərin imzalanmasını gözləmirik, amma irəliləyişə inanırıq", - cümə günü Trend -a telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Minsk qrupunun amerikalı həmsədir Metyu Brayza deyib.
Brayza deyib ki, Bakıya bu səfər iyunun 4-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məqsədi ilə edilib.
Brayzanın sözlərinə görə, səfər zamanı həmsədrlər Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun müavini Araz Əzimovla razılaşdırılmalı olan "baza prinsipləri"n qalan bir neçə detal və konsepsiyalarını müzakirə ediblər.
Son zamanlar danışıq prosesində canlanma yaranıb. Həmsədrlər danışıqlarda nəzərəçarpan irəliləyişi qeyd edir və bildirirlər ki, "binanın təməli qoyulub".
Mayın 7-də Praqada keçirilən görüş, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüş olub.
Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]