Qafqazda stabillik yaratmalıyıq - Türkiyə XİN-in başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2009 14:35 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisinin spikeri Mehmet Əli Şahinlə görüşü zamanı Qafqazda tez bir zamanda stabilliyin yaradılmasının vacibliyini qeyd edib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Qafqazda stabillik yaratmaq üçün qərarlıyıq", - deyə Davudoğlu bildirib. XİN rəhbəri onu da bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolun müzakirəsi üçün Türkiyədəki bütün siyasi partiya liderləri ilə görüşməyə hazırdır.

TREND News-un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub.

Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

"Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Davudoğlu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə XİN rəsmisi Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirərək deyib ki, bu məsələ ilə bağlı İordaniyada səfərdə olduğu zaman azərbaycanlı həmkarı ilə telefonla müzakirə aparıb.

TREND News-un arayışı: Trend -un Qarabağ bürosunun məlumatına əsasən, cümə axşamı Ağdam rayonunun Gülçülük sovxozu istiqamətində Azərbaycan Milli Ordusunun mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Ermənilərin hücumunun qarşısı alınıb. Atışma nəticəsində beş erməni əsgəri ölüb, üçü isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti