Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir R.Hafizoğlu/
Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilmədən Ankara-Yerevan protokollarının Türkiyə Parlamentində təsdiqi mümkün olmayacaq.
"Dağlıq Qarabağ problemi həll edilmədən Anraka-Yerevan protokollarının təsdiqi mümkün olmayacaq", - deyə Mahir Kaynak bazar ertəsi Ankaradan Trend -a telefonla bildirib.
Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.
Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.
Protokol imzalandıqdan bir gün sonra Türkiyənin TRT1 dövlət telekanalına müsahibə verən XİN rəhbəri Davudoğlu, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacib olduğunu bildirib.
Oktyabrın 12 -də ölkə mətbuatına açıqlama verən Türkiyə Prezidenti Abdullah Gül ölkənin Kayseri şəhərinə səfəri zamanı Ankara ilə Yerevan arasında imzalanan protokola münasibət bildirərək, iki ölkə arasında olan problemlərin bir anda həll edilməsinin mümkün olmadığını bildirib.
Kaynak onu da bildirib ki , Dağlıq Qarabağ probleminin həlli Ankara üçün vacib məsələlərdən biridir, çünki bu problem həll olmadan regionda sülh və stabillikdən danışmaq mənasızdır.
Onun sözlərinə görə, ölkə Prezidenti və Baş nazir Azərbaycana verdikləri sözün üstündə duracaqlar.