Azərbaycan, Bakı, 27 oktyabr / Trend /
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş konstruktiv əhval-ruhiyyədə keçib. Bu barədə ATƏT-in Minsk Qrupunun ATƏT-in rəsmi saytında yerləşdirilən birgə bəyanatında deyilir.
Bəyanata əsasən, ATƏT MQ-nun həmsədrləri Yuri Merzlyakov (RF), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) bazar ertəsi, oktyabrın 26-da Lüksemburqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb. Həmsədrlər nazirlərlə iş iclasları keçiriblər.
Konstruktiv əhval-ruhiyyədə keçən iclaslarda danışıqların indiki mərhələsi qiymətləndirilib və dekabrın 1-2-də Afinada keçiriləcək ATƏT-in Nazirlər Şurası çərçivəsində növbəti tədbirlər nəzərdən keçirilib, bəyanatda deyilir.
Həmsədrlər noyabrın əvvəlində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmək və onlarla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin baza prinsipləri əsasında işi davam etdirmək məqsədilə regiona səfər edəcəklər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.