Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın Şuşa şəhərinin işğalı günü qanvermə aksiyası keçiriləcək.
"Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-i saat 10:00-da Şuşanın işğalının 18-ci ildönumu günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək", - bazar ertəsi Trend-ə PJB-nin rəhbəri Elşad Eyvazlı bildirib.
Trend -un arayışı: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, o zaman, təxminən, 22 minə yaxın insan qaçqın düşüb. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarca mədəniyyət obyekti işğal altında qalıb.
Eyvazlının sözlərinə görə, aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət ediblər. "Bu gün Azərbaycanda qan azlığından xeyli əziyyət çəkənlər var. Hesab edirik ki, bu problemin müəyyən qədər həllinə dəstək vermək üçün bu aksiyanın keçirilməsi vacibdir. Bundan başqa, məhz Şuşanın ışğalı günü belə bir aksiyanın keçirilməsi mühüm əhəmiyyətə malıkdir. Əminik ki, həm deputatlarımız, həm də jurnalistlər bu kampaniyada fəal iştırak edəcəklər", - birliyin sədri əlavə edib.