Fransa, Strasburq, 30 aprel /Trend, müxbir A.Məhərrəmli/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosunda cümə günü qurumun yaz sessiyasının sonuncu iş günündə Dağlıq Qarabağ üzrə Alt Komitəyə dair müzakirələr olub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib.
"Bu günlərdə Azərbayvan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında mənim iştirakımla görüş keçirildi. Görüşün iyun sessiyasında daha geniş formatda keçirilməsi qərarına gəldik. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞ PA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edə biləcəklər. Nümayəndə heyətlərinin müxalifət üzvlərini bu görüşə cəlb etmək şəxsən mənim təşəbbüsümlə olub. Görüşlərin keçirilməsi məsələsi bu gün büroya təqdim edilib və büro üzvləri məsələni müzakirə edərək, bu təşəbbüsü təsdiq etdi", - AŞ PA sədri deyib.
Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyətinə gəldikdə, AŞ PA sədri bunun qurumun iyun ayında keçiriləcək sessiyasındakı görüşlərdən sonra müəyyən ediləcəyini bildirdi.
AŞ PA-nın yaz sessiyası çərçivəsində bu həftə Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin rəhbərləri arasında AŞ PA sədri Mövlud Çavuşoğlunun iştirakı ilə görüş keçirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.