...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə sadiqdir – Hillari Klinton (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2010 17:48 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, güc tətbiq edilməməsi, öz müqəddəratını təyinetmə hüququ və Helsinki prinsipləri əsasında sülh yolu ilə həllinə sadiqdir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə sadiqdir – Hillari Klinton (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav.: dövlət katibi və XİN rəhbəri Elmar Məmmədyarovun sözləri əlavə olunub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, güc tətbiq edilməməsi, öz müqəddəratını təyinetmə hüququ və Helsinki prinsipləri əsasında sülh yolu ilə həllinə sadiqdir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.

"ABŞ münaqişəni həll edə bilməz, lakin tərəflərin razılığa gəlməsi üçün onların yaxınlaşmasına kömək edə bilər", - Klinton deyib və əlavə edib ki, Birləşmiş Ştatlar iki ölkə arasında danışıqlar məsələsində tərəfdaş ola bilər.

"Prezident Obama Toronto sammitində bu sadiqliyi təsdiqləyib və mən bunu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələrimizdə qeyd etdim. Biz Azərbaycana və Ermənistana münaqişənin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün kömək etməyə hazırıq", - Klinton deyib.

"Sülhə doğru son addım adətən ən çətinidir. Lakin biz inanırıq ki, sülh mümkündür və zəruridir. Sülh hər iki tərəfə çiçəklənən təhlükəsiz gələcəyi təmin etmək üçün lazımdır. Regiondakı və Azərbaycandakı bütün insanların təhlükəsiz yaşamaq hüququ var", - dövlət katibi qeyd edib.

Dövlət katibinin Bakıya səfəri bazar günü başlayıb.

"ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycanda müzakirə etdiyi vacib məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır", - xarici işlər naziri Elmar Məmmədyarov birgə mətbuat konfransında bildirib.

"ABŞ Minsk qrupunun həmsədri kimi, regionda sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini tapması üçün səy göstərir", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bundan başqa, nazirin sözlərinə görə, enerji təhlükəsizliyi, regional münasibətlər, bütün Cənubi Qafqazın inkişafı və digər məsələlər də müzakirə olunub.

"Klintonun Bakıya səfəri çərçivəsində maraqlı və dostcasına müzakirələr aparılıb", - Məmmədyarov sonda qeyd edib.

Səfər zamanı dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi bazar günü Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Elə bu gün Klinton Yerevana yola düşəcək, iyulun 5-də isə Tbilisidə səfərdə olacaq.

Xəbər lenti

Xəbər lenti