Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M.Əliyev/
"Borussiya" - "Qarabağ" oyununun yayımı zamanı Almaniyanın ZDF telekanalı təxribata yol verib.
"Həmin oyun telekanal tərəfindən "Borussiya" - "Ağdam" oyunu kimi təqdim edilib", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
Avqustun 19-dan 20-nə keçən gecə "Borussiya" - "Qarabağ" oyunu canlı yayımlanıb.
İbrahimov "Qarabağ" klubunun adının verilməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almaniya kanalı tərəfindən bunun qarşısının alındığını bildirib.
"Onlar "Qarabağ" futbol klubunu "Ağdam" klubu kimi təqdim etdilər", - komitə sədri deyib.
İbrahimov faktla bağlı Almaniyanın müvafiq qurumlarına müraciət edəcəklərini diqqətə çatdırıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.