Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M.Əliyev/
Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam istiqamətində atılan qumbara nəticəsində, Azərbaycan Milli Ordusunun əsgəri Orxan Mahir oğlu Mirzəyev ağır yaralanıb. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
Abdullayev deyib ki, qumbaranın partlaması nəticəsində, 1991-ci il təvəllüdlü Mirzəyev çoxsaylı qəlpə yaraları alıb.
Hazırda onun vəziyyəti orta-ağırdır.
Əsgər 2009-cu ilin aprelində Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.