...

Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğraması ilə bağlı cinayət işi üzrə istintaq dayandırılıb - Baş Prokurorluq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2010 14:25 (UTC +04:00)
19 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğraması ilə bağlı cinayət işi üzrə istintaq dayandırıldı.
Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğraması ilə bağlı cinayət işi üzrə istintaq dayandırılıb - Baş Prokurorluq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

19 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğraması ilə bağlı cinayət işi üzrə istintaq dayandırıldı.

"Cinayət işi üzrə istintaqın dayandırılmasına səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb", - cümə günü Trend-ə Azərbaycan Respublikası Baş Prokurorluğundan bildirilib.
1991-ci il noyabrın 20-də Azərbaycanın vəzifəli şəxslərinin, Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak oldu.

Həlak olanlar arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə və başqaları olub.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti