Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov məlumat verib.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
XİN rəhbərləri Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.