Bakı.Trend:
Yaxın Şərqdəki münaqişə iyuna qədər milyonlarla insanı kəskin aclığa sürükləyə bilər.
Trend xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) son hesabatında qeyd olunub.
Təşkilatın proqnozlarına əsasən, ABŞ–İsrailin İrana qarşı müharibəsi iyun ayına qədər davam edərsə, əlavə 45 milyon insanın kəskin aclıqla üzləşəcək.
Təşkilatın icraçı direktorunun müavini Karl Skau Cenevrədə jurnalistlərə bildirib ki, ərzaq, neft və daşınma xərclərinin artması nəticəsində on milyonlarla insanın kəskin aclığa sürüklənəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu vəziyyət kəskin aclıqdan əziyyət çəkənlərin ümumi sayını hazırkı rekord 319 milyon nəfərlik göstəricidən da yuxarı qaldıracaq.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
