Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Latviyada yaşayan azərbaycanlılar azyaşlı azərbaycanlı uşağın öldürülməsi ilə bağlı silsilə tədbirlər keçiriblər. Bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatda deyilir.
Latviyadakı Azərbaycan diasporu 9 yaşlı Ağdam rayonu Orta Qərvənd kənd sakini Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq Riqa Texniki Universitetində və Riqa Ali İqtisadiyyat Məktəbində tədbirlər keçirib.
Latviya Baltikyanı Beynəlxalq Akademiyanın konfrans zalında "Ocaq" Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına ünvanlanmış məktuba imza atıblar.
Tədbirdə Baltikyanı Beynəlxalq Akademiyanın Turizm fakültəsində təhsil alan 11 azərbaycanlı və digər millətləri təmsil edən 50-dək tələbə və müəllim iştirak edib.
Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.