...

Rusiyanın Cənubi Qafqaz regionunda sülhə nail olmaq üçün çoxlu səbəbləri var - Dövlət Dumasının deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2011 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Moskvanın Dağlıq Qarabağ üzrə danışıqlarda fəal iştirak etməsinin əsas səbəbi məhz Rusiyanın Azərbaycan və Ermənistanın qonşusu olmasıdır. Beşinci çağırış RF Federal Məclisi Dövlət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Sergey Markov belə hesab edir.

"Bunu sözsüz ki, təkcə coğrafi deyil, həm də tarixi faktor şərtləndirib. Belə ki, hər üç ölkə uzun illər vahid dövlətdə yaşayıb", - Markov Trend-ə bildirib.

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü keçirilir.

Görüşdə Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Deputatın sözlərinə görə, Moskva Cənubi Qafqaz regionunda sülhdə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində həm də ona görə maraqlıdır ki, Fransa və ABŞ-dan fərqli olaraq, Rusiyada təkcə böyük erməni diasporu deyil, maraq və iradəsi Rusiya hökuməti tərəfindən ifadə edilməli olan Azərbaycan diasporu da mövcuddur.

Markovun sözlərinə görə, daha bir səbəb ondan ibarətdir ki, İraq və Əfqanıstandakı uzunsürən hərbi əməliyyatlar, iqtisadi böhran, ərəb üsyanları kimi silsilə böhranlardan sonra ABŞ və Avropa İttifaqı Qərb üçün həyati əhəmiyyətli olmayan baxışlardan tədricən uzaqlaşır.

"Rusiya isə əlindən gələni edir ki, qonşu və onun üçün əsas region olan Cənubi Qafqazda sülhə nail olunsun", - deputat hesab edir.

Onun fikrincə, Azərbaycan və Ermənistan Rusiyaya inanır. Belə ki, Rusiya diplomatiyası təmkinliyi və böyük təcrübəsi ilə seçilir.

"Rusiya diplomatiyasının vasitəçilik səylərinin danışıqlar aparılarkən taktiki səhvlərə yol verməni istisna edən çoxəsrlik təcrübəsi var", - Markov hesab edir.

"Bundan başqa, Rusiya Qafqaz mentalitetini yaxşı anlayaraq bir hissəsinin Şimali Qafqaz olduğu bir ölkədir", - o qeyd edib.

Münaqişə tərəflərinin Moskvaya olan inamının səbəblərindən daha biri ondan ibarətdir ki, Rusiya diplomatiyası son illər diqqətini haqq-ədalətə yönəldib.

"Hazırda vasitəçilərin mühüm vəzifəsi münaqişənin eskalasiyasına və onun hərbi qarşıdurmaya çevrilməsinə imkan verməməkdir. Buna görə də toplanan potensialı saxlamaq və son nizamlamaya nail olmaq məqsədilə danışıqları davam etdirmək lazımdır", - Markov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti