...

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha çox iştirak etmək istəyir - Avropa komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2011 16:48 (UTC +04:00)
Avropa İttifaqı özünün Dağlıq Qarabağ məsələsinə daha çox cəlb edilməsini istəyir və münaqişənin nizamlanması və regionda sabitliyin bərpasına yardım etmək üçün lazım olan maliyyə vəsaitini təqdim etməyə hazırdır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha çox iştirak etmək istəyir - Avropa komissarı

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Avropa İttifaqı özünün Dağlıq Qarabağ məsələsinə daha çox cəlb edilməsini istəyir və münaqişənin nizamlanması və regionda sabitliyin bərpasına yardım etmək üçün lazım olan maliyyə vəsaitini təqdim etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə "Azadlıq" radiosuna müsahibəsində Aİ-nin genişləndirmə məsələləri və Şərq tərəfdaşlığı siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

"İndi biz istər Dnestyanı, istərsə də Qarabağda olsun, tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə daha çox vəsait ayırırıq. Lakin bu, yalnız ilk addımdır. Brüssel daha çox iş görə bilər, çünki bu gün Aİ-nin xarici siyasət idarəsinin imkanları genişlənib, problemi nizamlamaq istəyi və hazırlığı artıb", - komissar qeyd edib. Məlumatı News.am yazır.

Fülenin sözlərinə görə, Aİ artıq öz üzərinə qonşuluqda yerləşən digər münaqişənin - Dnestryanı problemin nizamlanması məsələsində çox fəal rol götürüb və Dağlıq Qarabağ münaqişəsi barəsində də həmin addımları atmağa hazırdır. Xatırladaq ki, Dnestryanı münaqişə ətrafında danışıqlar "5+2" formatında aparılır, burada "2", yəni ABŞ və Avropa İttifaqı müşahidəçi rolunda çıxış edirlər.

Füle qeyd edib ki, bütün bunlarla yanaşı, ATƏT-in Minsk qrupunun qüvvədə olan formatında dəyişiklik məsələsi müzakirə olunmur. "Düşünmürəm ki, biz Minsk qrupunun bu və ya digər üzvünü dəyişdirəcəyik. Hesab edirəm ki, bu mərhələdə məhz münaqişə tərəfləri və ATƏT-in Minsk qrupu Aİ-nin daha geniş iştirakı üçün şərait yaratmalıdırlar. Hərçənd ki, bizim tərəfdən hazırlıq, eləcə də qabiliyyətin artırılması imkanı var", - o qeyd edib.

Avropalı məmurun fikrincə, Aİ tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərindən başqa, hazırda və gələcəkdə, onlar yekun razılaşmaya gəldikdən sonra real yardım paketi hazırlaya bilər.

"Bu paketə sosial və iqtisadi inkişafa yardım edən tədbirlər daxil ediləcək. Zərurət olarsa, Aİ müəyyən regionları digər ölkələrlə əlaqələndirmək üçün infrastrukturları bərpa edə bilər", - avropalı komissar qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti