...

Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək əhəmiyyətsizdir - hakim partiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2011 14:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək əhəmiyyətsizdir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.
Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək əhəmiyyətsizdir - hakim partiya

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək əhəmiyyətsizdir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

"Azərbaycan ağır, çətin yol keçib, amma düzgün balans siyasəti, iqtisadi siyasət təzyiqlərə imkan verməyib. Çünki ölkəmizin siyasəti çox güclü işlənib hazırlanıb və bu da öz nəticəsini verir. Ona görə də bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadənin əhəmiyyətsizliyi üzə çıxıb. Bu münaqişədən Azərbaycana qarşı təzyiq kimi istifadə edib, ölkəni tutduğu siyasi xəttdən çəkindirmək mümkün deyil. 20 faiz torpağımızın işğal altında olmasına baxmayaraq, biz bu münaqişənin təsiri və təzyiqi ilə hansısa siyasətimizi ertələmədik, geri çəkilmədik, siyasətimizi davam etdirdik", - Qurbanlı deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanın ağır vəziyyətdə olması da bəzi qüvvələri Qarabağ probleminin həllini tezləşdirməyə sövq edir. "Ermənistanın sosial-iqtisadi durumu çox bərbad vəziyyətdədir. İndiyə qədər Ermənistanı yedəyində aparan dövlət artıq vəziyyətin belə davam etməsindən narahatdır, bundan bezib. Ona görə də, münaqişəni həll etməklə Ermənistanı iqtisadi baxımdan normal vəziyyətə gətirmək istəyirlər", - Qurbanlı deyib.

O hesab edir ki, Rusiya dövlətinin xarici siyasətində keyfiyyət dəyişikliyi var və Rusiya yaxın qonşuları ilə iqtisadi maraqlar çərçivəsində siyasət quraraq onlarla təzyiq yox, əməkdaşlıq yoluna üstünlük verir. "Təbii ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaşdırlar, Prezident Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli münasibətləri var. Rusiya ictimai rəyində də bu münaqişənin həlli ilə bağlı müsbət rəylər formalaşır. Bütün bunlar növbəti mərhələlərdə irəliləyişlərə nail olmaq üçün əsas olacaq", - Qurbanlı vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti