...

Uruqvay Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2011 12:49 (UTC +04:00)
Uruqvay beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Uruqvay Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - XİN

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Аğayeva/

Uruqvay beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə şənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Erməni KİV-in yazdığına görə, cümə günü Cənubi Amerikadakı "Ay Dat" komitəsinin və Uruqvay-Ermənistan parlament qrupunun təşəbbüsü ilə Ermənistan-Uruqvay əlaqələrinə həsr olunmuş görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışan Uruqvayın xarici işlər naziri Luis Almaqro qondarma rejimin tanınması ilə bağlı ifadələr işlədib.

"Buenos Ayresdəki səfirliyimiz bu vəziyyəti araşdırır və artıq Uruqvay XİN ilə əlaqə qurub. Uruqvay xarici işlər nazirinin müavini P.Karreras Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə söhbətində Uruqvayın beynəyxalq hüquq prinsiplərinə hörmətlə yanaşdığını, Azərbaycanın ərazi bütövlüyünü, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəklədiyini təsdiqləyib", - Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi deyib.

"Göründüyü kimi, məlumatı erməni saytları yayıb. Tarixən biz erməni KİV tərəfindən məlumatların təhrif olunduğunun şahidi olmuşuq, çünki onlar həmişə arzu etdiklərini reallıq kimi göstərməyə çalışırlar", - Abdullayev əlavə edib.

XİN-in rəsmi nümayəndəsi bir daha qeyd edib ki, hazırda Azərbaycanın Argentinadakı səfirliyi bu vəziyyətə aydınlıq gətirmək üçün sıx məşğuldur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti