Fransa, Strasburq, 26 yanvar /Trend, müxbir A. Məhərrəmli/
Avropa Məhkəməsinin həssas məsələlərə dair qərar vermək təcrübəsi və vərdişi var. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın qış sessiyası çərçivəsində cümə axşamı keçirdiyi mətbuat konfransında Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Nikolas Bratza "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarına münasibət bildirərkən deyib.
Avropa Məhkəməsinin sədri Yuxarı Palatanın bununla bağlı yanvarın əvvəlində qərar çıxardığını və bunun çox həssas bir məsələ olduğunu qeyd edib.
"Yanvarın 8-də Yuxarı Palata Azərbaycan vətəndaşlarının şikayətini nəzərdən keçirdi və bu şikayətin qəbul olunmasına dair qərar verdi. Azərbaycandan gəlmiş digər şikayətlərə verdiyimiz bütün qərarlarda olduğu kimi, bu işlə bağlı da məzmununa görə qərar verəcəyik. Amma yekun qərarın nə vaxt veriləcəyini indidən deyə bilmərəm. Əlbəttə ki, bu məsələ siyasi və çox həssas məsələdir. Amma bizim məhkəmənin bu sahədə vərdişi var. Bizim bu cür şikayətlərin nəzərdən keçirilməsində artıq təcrübəmiz var. Düzdür, bu çox çətin bir işdir. Lakin bununla belə, biz bu məsələyə dair hüquqi qərar verə biləcəyik", - Bratza deyib.
Xatırladaq ki, yanvarın əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsinin Yuxarı Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb. Yuxarı Palata bu şikayəti qəbul edilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş barədə qərarını verəcək.
Laçın rayonundan 6 məcburi köçkün olan iddiaçılar Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar, həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.
Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.