...

Qənirə Paşayeva: Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı qanun qəbul edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2012 13:51 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin cümə günü keçirilən iclasında deputat Qənirə Paşayeva Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı qanun qəbul olunmasını təklif edib.
Qənirə Paşayeva: Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı qanun qəbul edilməlidir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin cümə günü keçirilən iclasında deputat Qənirə Paşayeva Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı qanun qəbul olunmasını təklif edib.

"Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma "seçkilərdə" və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur və onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!", - Trend-in məlumatına görə, Paşayeva iclasda deyib.

Deputat xatırladıb ki, bu yaxınlarda AŞPA-nın yay sessiyası zamanı fransalı millət vəkili ilə də bununla bağlı kəskin mübahisə yaranıb.

"Həmin şəxs də beynəlxalq hüquq normalarını pozaraq və Azərbaycan tərəfinin rəsmi icazəsini almayaraq, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmişdi. Təbii ki, biz bu məsələ ilə bağlı bir daha öz mövqeyimizi, Azərbaycanın birmənalı mövqeyini açıqladıq və qeyd etdik ki, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar", - Paşayeva vurğulayıb.

Deputat deyir ki, qarşıdan yenə də həmin ərazilərdə qeyri-qanuni qondarma "seçkilər" gəlir.

"Odur ki, həmin "seçkiləri" izləmək üçün buraya gəlmək istəyən şəxslərlə bağlı həmin ölkələrin Azərbaycandakı daimi nümayəndələrinə, səfirlərinə bir daha çatdırılmalıdır ki, Azərbaycan dövlətinin razılığı olmadan işğal altındakı ərazilərə səfər etmək istəyən şəxslər arzuolunmayan şəxslər elan olunacaqlar", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti