...

İndoneziya Parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair ictimai dinləmələr keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2013 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun / Trend, S.Əhmədova /

İyunun 27-də İndoneziya Parlamentinin xarici məsələlər üzrə Birinci Komissiyasının təşkilatçılığı ilə Parlamentin mətbuat zalında "Azərbaycan - Ermənistan münaqişəsi; Xocalı soyqırımı" mövzusu altında ictimai dinləmələr keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İndoneziya, Sinqapur, Filippin və Timor-Leste Respublikalarındakı Səfirliyi məlumat verib.

Birinci Komissiyanın sədr müavininin açılış çıxışı ilə başlayan və üç saat davam edən müzakirələrdə Səfir T.Qarayev, İndoneziya Respublikası Nümayəndələr Palatasının nümayəndəsi, Birinci Komissiyanın üzvü cənab Məhəmməd Nacib, Nümayəndələr Palatasının sahə üzrə mütəxəssisi cənab Beqi Hersutanto, İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi cənab Filemont Uriarte, Padjajaran universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin mülahizəçisi cənab Riki Ananda, və nəhayət, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı cənab Lis Qindarsah əsas natiqlər qismində iştirak ediblər.

Qeyd edək ki, müzakirələrə İndoneziyanın çox sayda müxtəlif media nümayəndələri, jurnalistlər və tədqiqatçılar cəlb olunmuşdurlar. Mətbuat zalının girişində Xocalı soyqırımını əks etdirən foto şəkillər sərgilənib.

Tədbir Birinci Komissiyanın sədr müavininin qısa giriş çıxışından sonra səfir T. Qarayevin "Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı" haqqındakı görüntülü prezentasıyası və video təqdimatı ilə başlayıb. Dinləyicilərə Qarabağ münaqişəsinin qısa tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal əsnasında törətdikləri bəşəri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında təfsilatlı məlumat verildi. Beynəlxalq ictimaiyyətin və xüsusilə də İndoneziya Respublikasının məsələyə dair mövqeləri iştirakçıların diqqətinə çatdırılıb.

Təqdimatın sonunda İKT Parlamentlər İttifaqının İndoneziyanın Palembanq şəhərindəki konfransı zamanı qəbul olunmuş qətnaməyə əsasən, İndoneziya Parlamentinə Xocalı soyqırımını tanıması ilə əlaqədar müraciət olunduğu və bu müraciəti Parlamentin sədri cənab M.Əli də daxil olmaqla, 130-dan artıq Parlament üzvlərinin imzaladıqları xüsusi vurğulanıb.

Digər natiqlər də öz növbələrində mövzu ilə bağlı hazırladıqları görüntülü prezentasiyaları təqdim etmiş, beynəlxalq qanun və normalara uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi vurğulanıb, Azərbaycan ərazilərinə qarşı təcavüz və Xocalıda törədilmiş bəşəriyyətə qarşı cinayətlərin pislənildiyi səsləndirilib.

Müzakirələrin sonunda bu növ ictimai dinləmələrin davamlı olaraq təşkil olunacağı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti