...

Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin tənzimləmə barədə təkliflərə fərqli münasibəti hərbi əməliyyatlara çağırış deməkdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2014 11:43
Vasitəçilər tənzimləmə müstəvisində olan təkliflərin bir qrupuna ögey, digərlərinə doğma münasibətini hələ də davam etdirirlər.
Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin tənzimləmə barədə təkliflərə fərqli münasibəti hərbi əməliyyatlara çağırış deməkdir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.Mehdiyev/

Vasitəçilər tənzimləmə müstəvisində olan təkliflərin bir qrupuna ögey, digərlərinə doğma münasibətini hələ də davam etdirirlər. 12 may bəyanatından sonra regiona səfərlərinin nəticəsi barədə yaydıqları bəyanat bunu deməyə və təkliflərə əvvəlki münasibətlərini yada salmağa əsas yaradır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, vasitəçilər etimad tədbirlərinin möhkəmləndirilməsini fokusda saxlayıblar.

Onun sözlərinə görə, ermənilərin anlamında bu, qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsidir: "Vasitəçilərin və beynəlxalq ictimaiyyətin razılaşdığı bir mövqe var: Status-kvo dəyişilməlidir. Status-kvonun dəyişilməsi tənzimləməyə şərait yaradır və Azərbaycanın maraqlarına cavab verir. Status-kvonun dəyişilməsi Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, bəzən Edvard Nalbandyan Azərbaycanı status-kvonu qorumaqda ittiham edir. Status-kvonun dəyişilməsi həm də etimad tədbirlərinin yeni koordinatlarının müəyyənləşdirilməsi deməkdir. Əgər həmsədrlər status-kvonu dəyişməkdə israrlıdırlarsa ermənilərə də başa salmalıdırlar ki, əvvəlcə etimad tədbirlərinin yeni koordinatı müəyyənləşdirilməli, sonra bu təkliflərin məzmunu müzakirə edilməlidir".

M.Əhmədoğlu qeyd edib ki, ermənilər Dağlıq Qarabağın danışıqlarda iştirakı təklifindən zərrə qədər geri çəkilmir: "Azərbaycan razıdır, amma Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlarda Dağlıq Qarabağı bu regionun erməniləri və azərbaycanlıları birgə təmsil etməlidir. Vasitəçilər bu təklifə bu vaxtadək münasibət bildirməyib".

Politoloqun sözlərinə görə, Ermənistanda ildə 10 dəfə Azərbaycanı tərk etmiş ermənilərin Azərbaycana qaytarılması barədə tədbirlər keçirilir: "Buna da razıyıq, amma Ermənistandan qovulmuş azərbaycanlılar da Ermənistan ərazisinə qayıtmalıdır. Məcburi köçkünlərin və qaçqınların öz yerlərinə qayıtması məsələsi ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladığı 2009-cu il Akvil sənədində göstərilsə də, vasitəçilər bu mövzuya da münasibət bildirməyiblər".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistan Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik zonası tələb edir: "Qarışqa və ya ilan dünyasında vəziyyətin necə olduğunu bilmirik, amma sivil dünyada heç bir dövlət özü üçün təhlükəsizlik zonası yaratmaqla məşğul olmayıb. Erməninin özünü bu cür fərqləndirməsi faşizmdən başqa bir şey deyil. Vasitəçilər bu faşist ideyaya münasibət bir dəfə də olsun bildirməyiblər".

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistana ucuz qaz vermək təklifini irəli sürdü: "Ermənistan bu təklifi qəbul etmədi. Vasitəçilər və beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Azərbaycanın bu ucuz qaz təklifinə eynilə Ermənistan kimi münasibət göstərdilər. Azərbaycan qaz təklifini verəndə riskli dövr idi; Rusiya ilə Ermənistan arasında qaz danışıqları gedirdi. İndi qaz Dağlıq Qarabağı Ermənistandan ayırır. Azərbaycan qazının edə bilmədiyini Rusiya qazı edəcəkdir. Azərbaycan Ermənistana regional əməkdaşlıq təklif etdi. Bu təklifə də ermənilər, vasitəçilər və beynəlxalq ictimaiyyət susmaqla cavab verilər".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistanın dinc tənzimlənməyə şərait yaradan təkliflərə münasibəti bəllidir: "Özünü tənzimləməyə tərəfdar kimi göstərməyə çalışır. Məqsədi beynəlxalq ictimaiyyəti aldatmaqdır. Vaxtilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatdı ki, Azərbaycan Dağlıq Qarabağa hansı status verəcəyini açıqlamır. Əgər açıqlasa, ermənilər bununla razılaşar. Beynəlxalq ictimaiyyət Azərbaycandan Dağlıq Qarabağa hansı statusu verəcəyini açıqlamağı tələb etdi. Təxminən, 2000-ci illərin əvvəllərində rəsmi Bakı Dağlıq Qarabağa bu vaxtadək dünyada bəlli olan ən yüksək özünüidarə statusunu verəcəyini bildirdi. Beynəlxalq ictimaiyyət bir müddət sevinsə, də sonradan Ermənistan sözünün üstündə durmadı. Az keçmiş Ermənistan etimad tədbirlərinin yaranması kimi iqtisadi əməkdaşlığın faydalı olduğunu bildirdi. Beynəlxalq ictimaiyyət bu təklifi də dəstəklədi".

M.Əhmədoğlu vurğulayıb ki, indi həmin Ermənistan Azərbaycanın Ermənistanla regional əməkdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıqla bağlı təklifini qəbul etmir: "Beynəlxalq ictimaiyyət, o cümlədən vasitəçilər buna göz yumur. Amma snayperlərin geri çəkilməsi məsələsi 10 ildən çoxdur həmsədrlərin dilindən düşmür. Snayperlərin geri çəkilməsi ağır artilleriyanın fəaliyyətinə şərait yaradacaq. Bu isə hərbi əməliyyatlar deməkdir. Hər halda həmsədrlər fəaliyyət və fəaliyyətsizliklərilə məhz bu istiqamətdə fəaliyyət göstərirlər. Snayperlərin geri çəkilməsini tələb etdikləri ərazini həmsədrlər artıq işğal olunmuş ərazilər adlandırıblar. "İşğal olunmuş ərazilər" anlayışını biz xüsusi olaraq yadımızda saxlamışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti