...

Səfər təəssüratları - Cəbhə xətti boyu nə baş verir? (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2014 11:30 (UTC +04:00)
Mən və bir neçə həmkarım Müdafiə Nazirliyinin dəstəyi ilə 3 gün bütün cəbhə boyu ərazilərdə – hərbçilərin dili ilə desək, cəbhənin sağ cinahından sol cinahınadək, yəni demək olar ki, İranla sərhəddən tutmuş Gürcüstanla sərhədədək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində olduq.
Səfər təəssüratları - Cəbhə xətti boyu nə baş verir? (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlkin İzzət/

Mən və bir neçə həmkarım Müdafiə Nazirliyinin dəstəyi ilə 3 gün bütün cəbhə boyu ərazilərdə - hərbçilərin dili ilə desək, cəbhənin sağ cinahından sol cinahınadək, yəni demək olar ki, İranla sərhəddən tutmuş Gürcüstanla sərhədədək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində olduq. Bakı-Füzuli-Beyləqan-Xocavənd-Ağdam-Tərtər-Şəmkir-Gədəbəy-Qazax-Tovuz-Gəncə-Bakı marşrutu boyu çox şeyi gördüm, çox şeylərin şahidi oldum. Amma məlum səbəblərdən görüb bildiklərimin hamısını sizlərə açıqlaya bilməyəcəyəm.

Ordumuz hücum əmrini gözləyir

Cəbhədəki vəziyyətlə tanışlığımız Füzuli rayonunda Ermənistan silahlı birləşmələri ilə üzbəüz hərbi hissələrdən birindən başladı, Tovuzda son günlər ən çox gərginlik yaşanan istiqamətlər üzrə mövqelərimizin birindəki səngərdə başa çatdı. Bir şeyi qeyd edə bilərəm ki, cəbhə bölgəsində dislokasiya olunmuş Ordumuzun istər ön, istərsə də arxa xəttdə yerləşən bölmələrindəki vəziyyət məni birmənalı olaraq sevindirdi. İstər hərbi hissələrin kazarmaları, istər təchizat-təminat məsələləri, istər hərbçilərimizin döyüş hazırlığı, nizam-intizamı, istərsə də ruh yüksəkliyi, ayıq-sayıqlığı, döyüş əzmi və qorxmazlığı məndə yalnız bir fikir oyatdı - bu Ordu yenilməzdir.

Bəziləri düşünə bilər ki, bu yazı "xala, xətrin qalmasın" deyə və pafos üçün yazılıb. Əsla! Tam səmimi deyirəm, Silahlı Qüvvələrimizin bugünkü vəziyyəti məni yaxşı mənada, hətta gözlərimi yaşardacaq qədər çox təəccübləndirdi. Orduda müsbət istiqamətdə ciddi dəyişikliklər müşahidə etdim. Əgər 20-ci əsrin sonlarında, Ordu quruculuğunun ilk illərində maddi-texniki təminat, 2000-ci illərin əvvəllərində isə davamlı atəşkəsin yaratdığı yeknəsəkliyin doğurduğu ruh düşkünlüyü problemləri vardısa, bu səfərimiz zamanı bunların heç birini görmədim. Ordumuz ən müasir silahlarla silahlanıb, düşmənlə təmasda ən ucqar mövqelərdəki hərbçilərimiz belə ərzaq, silah-sursat, hərbi texnika və digər vasitələrlə tam təmin edilib, hərbçilərimizin müayinə və müalicəsi üçün lazım olan hər cür şərait yaradılıb. Ali Baş Komandan tərəfindən Orduya böyük qayğı və diqqət göstərilməsi, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən düşmənə "1-ə 10" prinsipi ilə cavab vermək, qisas almaq əmrinin verilməsi, döyüşlərdə rəşadət göstərənlərin layiqincə qiymətləndirilməsi onlarda böyük ruh yüksəkliyi yaradıb.

Səfər zamanı, həmçinin vaxtilə bir yerdə xidmət etdiyim zabit yoldaşlarımızdan bir neçəsi ilə rastlaşdım. Hər biri də tam səmimi olaraq dedilər ki, o vaxtdan bəri çox şey dəyişib və dəyişmək üzrədir. İndi bizdə var qüvvəmizlə işləmək, Vətənə xidmət etmək üçün daha böyük həvəs yaranıb. Orduda hərbçinin özünə və silah yoldaşına inamı isə çox mühüm məsələdir. Əgər bu varsa, onda xalq öz Ordusuna tam inana və ona güvənə bilər.

Məni əla maddi-texniki təminat, gözəl şəraitlə yanaşı təəccübləndirən digər məsələlərdən biri də hərbçilərimizin kreativliyi oldu. Onların yaranmış zərurətdən və yerli şəraitdən doğan yaradıcılığı, bundan əvvəl heç bir müharibə və münaqişə tarixində istifadə edilməyən metod və vasitələr ixtira etməsi yalnız alqışa layiqdir. Təbii ki, həmin metod və ixtiraların nədən ibarət olduğunu açıqlamayacağam.

Hərbçilərin özünə olan bu inamı, qorxmazlığı, qətiyyəti, bir addım da geri çəkilməmək, əksinə hücuma can atmaq, düşməni dərhal məhv etmək istəyi düşmənin canına vəlvələ salıb. İşğalçı qüvvələrin şəxsi heyəti arasında vəziyyət artıq o həddə çatıb ki, onlar qaranlıq düşən kimi ətrafa necə gəldi atəş açmağa başlayırlar ki, birdən Azərbaycan əsgəri qəfil başının üstündə peyda olar. Atəşkəsin niyə daha çox gecələr pozulduğunun bir səbəbi də məhz bununla izah edilir. Hətta cəbhənin elə hissələri var ki, orada ermənilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atmayın" deyə yalvarırlar. Snayperlərimiz isə düşmənə bir an da olsun, rahat nəfəs almağa imkan vermirlər. İndi bütün cəbhə boyu münaqişə edən tərəflər gündüzlər snayper müharibəsi aparır, gecələr isə bir-birini kiçik və iriçaplı silahlardan atəşə tuturlar. Lakin erməni tərəfindən fərqli olaraq Ordumuz düşmənin hər 1 gülləsinə 10 güllə ilə cavab verir. Bunun necə baş verdiyinin uzaq məsafədən də olsa, şəxsən özüm şahidi oldum. Avqustun 10-da gecə saat 2-nin yarısı cəbhənin Tovuz istiqamətində erməni silahlı birləşmələri yerləşdikləri mövqelərindən yuxarıdan aşağıya kiçikçaplı silahlardan atəş açmağa başladılar. Təsəvvür edin ki, bunun qarşılığında Azərbaycan Ordusunun mövqelərindən həmin nöqtəyə doğru sözün həqiqi mənasında əsl od yağışı yağmağa başladı. Cəmi 10 dəqiqə keçəndən sonra düşmən tamamilə susmağa məcbur edildi. Digər bir fakt isə jurnalistlər və ictimaiyyət nümayəndələri cəbhənin Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətindəki Azərbaycan mövqelərində olarkən ermənilər tərəfindən açıq-aşkar şəkildə atəşə tutulması zamanı oldu. Elə həmin andaca komandirlərin əmrini yerinə yetirən əsgərlərimizin açdığı onqat cavab atəşi erməniləri öz yerində oturmağa vadar etdi.

O da məlum oldu ki, düşmən tərəfdə bütün cəbhə boyu döyüş növbətçilyini aparmaq üçün şəxsi heyət çatışmadığından yerli mülki əhali cəlb olunur və bunun qarşılığında onlara muzd ödənilir.

İyulun 31-dən avqustun 2-dək cəbhədə vəziyyət gərginləşən və atışmalar intensivləşən zaman düşmən həmlələrinin qarşısını alarkən Ordumuz itkilər verdi, bir neçə hərbçimiz isə yaralandı. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yaydı. Lakin Ermənistan tərəfi öz silahlı birləşmələrindəki ölən və yaralananların sayını hər vəchlə gizlətdi ki, orduda ruh düşkünlüyü yaşanmasın, xalqda dövlətə qarşı etiraz baş qaldırmasın. Onların yalan məlumatlar yaymasını elə təkcə bir fakt sübut edir ki, bəzi yerlərdə atışmalardan sonra əraziyə dərhal bir neçə sanitar maşın cəlb olunub. Bu isə orada ən azından bir neçə nəfərin yaralanması deməkdir. Lakin Ermənistanın rəsmi məlumatlarında bunların heç biri yer almayıb.

Buna baxmayaraq, hərbçilərimiz bir an da olsun, çəkinmir, Ali Baş Komandanın hücuma keçərək düşməni məhv etmək əmrini səbirsizliklə gözləyir, şəhidlərimizin qisasını almaq hissi ilə alışıb yanırlar.

Orduda qadınların sayı artır

Diqqətimi çəkən məqamlardan biri Ordu sıralarında xanımların sayının artması oldu. Belə ki, onların hərbi hissələrin düşmənlə birbaşa təmas xəttində olmayan bölmələrində yeməkxanalara, tibb xidmətinə, rabitə, kargüzarlıq və digər işlərə cəlb edildiyini müşahidə etdik. Bizə məlumat verildi ki, əvvəlki illərə nisbətən Orduda qadınların sayı son zamanlar xeyli artıb. Yaxın gələcəkdə onların sayının artacağı və xidmət sahələrinin əhatə dairəsinin daha da genişlənəcəyi gözlənilir.

Hərbi hissələrdən birində olarkən onlardan Zeynalova soyadlı bir hərbçimiz isə bizə yaxınlaşaraq snayper olmaq istədiyini, lakin Azərbaycan Ordusunda qadınlar bu işə cəlb edilmədiyindən arzusu ürəyində qaldığını dedi. Cəmi 20-21 yaşı olan həmin qız bizdən dönə-dönə onun arzusunun yerinə yetirilməsində yardımçı olmağımızı istədi. Təbii ki, biz də ona belə məsələlərin yalnız qayda-qanun çərçivəsində həll olunduğunu izah etdik.


Qələbəyə gedən yol Ordu ilə xalqın birliyindən keçir

Səfərimiz zamanı biz həm də son günlər cəbhədə yaranmış gərginlik zamanı şəhid olmuş bir neçə hərbçimizin Xocavənddə, Ağdamda, Tovuzda və Qazaxda yaşayan ailələlərini ziyarət etdik. Maraqlısı ondadır ki, biz onların heç birində ciddi matəm əhval-ruhiyyəsi, göz yaşları görmədik. Əksinə, hər bir şəhidin atası, qardaşı, ailə üzvləri Vətən uğrunda şəhid vermələri ilə, onların öz qanı ilə Azərbaycan bayrağını ucaltmaları ilə fəxr etdiklərini, verdikləri şəhidin onların adını ucaltdığını, bu azmış kimi cavanlı-qocalı sağ qalan digər ailə üzvlərinin də əlinə silah alaraq döyüşə qatılmağa hazır olduqlarını bildirdilər.

Onlar həm də bildirdilər ki, cəbhə bölgəsində, bəzi hallarda isə düşmənlə cəmi bir neçə metr məsafədə yaşamalarına baxmayaraq, qəti ermənilərdən, onların təxribatlarından çəkinmirlər. Olduğumuz bütün rayonlarda düşmənlə təmas xəttində yerləşən kəndlərin sakinləri qeyd etdilər ki, onlardan heç biri yaşadığı evini, doğma yurd-yuvasını tərk etmir və tərk etmək fikrində deyil. Bu barədə son günlər yayılan məlumatların heç biri də həqiqətə uyğun deyil. Əksinə, əhalidə Azərbaycan Ordusuna inam o qədər böyükdür ki, onlar öz gündəlik məişət-təsərrüfat işləri ilə məşğul olurlar. Hətta səfərimiz zamanı Ağdamın Xındırıstan kəndində toy şənliyinin keçirildiyini görüb, bəylə gəlini təbrik etməyi də unutmadıq. Vaxtımız çox məhdud olduğundan toyda bir neçə dəqiqədən artıq qala bilmədik, ona görə də həmkarlarımdan biri toyda rəqs edə bilməməyinin heyfini küçənin ortasında əl açıb oynamaqla çıxdı.

Ordumuzun isə həm yerli sakinlərdən, həm də ümumilikdə Azərbaycan xalqından təkcə bir şeyə - mənəvi dəstəyə ehtiyacı var. Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşlarından birinin sözlərini olduğu kimi yazıram: "Yaxşı olar ki, səngərlərdə gecə-gündüz yayın istisində, qışın, payızın soyuğunda, yağışında, palçığında, qarında bizi düşməndən qoruyan əsgər, gizir və zabitlərimizi unutmayaq. Onsuz da dövlət tərəfindən tam təmin edildiyindən hərbçilərimizin istər qida, istər geyim, istərsə də silah-sursat baxımından heç nəyə ehtiyacları yoxdur. Rəsmi bayram günlərində isə həm Müdafiə Nazirliyi, həm də yerli dövlət orqanları tərəfindən onlara lazımi diqqət göstərilir. Amma daha yaxşı olar ki, onları adi günlərdə də daim unutmayaq, əsgərlərimizi bir kilo konfet, bağımızdan bir zənbil meyvə, evimizdə bişən bir qab şirniyyat və s. ilə də olsa, sevindirək. Bu, onlar üçün çox vacibdir. Belə dəstək daha səmərəli, daha təsirli olur..."

Nəhayət, növbəti səfərimizdən cəbhə xəttindən qələbə xəbərləri vermək ümidi ilə səngərlərdən, barıt qoxulu bölgələrimizdən ayrılırıq. Avtobusla yola düzəlib Bakıya qayıdırıq. Bakıda "Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü", - deyən dahi Hüseyn Cavidin abidəsi önündən başlayan səfərimiz yenidən Bakıda, bu dəfə Dövlət Bayrağı Meydanının yaxınlığında bitdi...

Zəfər Tağı

P.S. Bütün səfər yol boyu öz-özümə düşünür və xəyal edirdim ki, Ordusunun qətiyyəti, əsgərinin rəşadəti və mübarizliyi, millətinin Vətən uğrunda şəhid verilməsini matəm yox, bayram etməsi, qısa zaman ərzində inkişaf rekordları ilə dünyaya səs salaraq hamını təəccübləndirə bilən Azərbaycanımız hələ bir şeylə də dünyanı heyran edəcək - Bakıda böyük bir "Zəfər Tağı"nın önündə Qələbə Paradı ilə...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti