...

Mübariz Əhmədoğlu: Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2015 10:35 (UTC +04:00)
Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib.
Mübariz Əhmədoğlu: Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ermənistanın günü-gündən gerilədiyini deyən M.Əhmədoğlu bildirib ki, iqtisadiyyatı, siyasəti, hərbi zəifləyən Ermənistanın indiki rəhbərliyi bütün bunların hamısının əvəzini yalanlarla kompensasiya edir: "Dediyi yalanlara isə özləri də inanırlar. Amma Ermənistanın öz yalanlarına inanması region üçün işıqlı gələcək aça bilər. Çünki indiki mərhələdə Ermənistanda baş verən proseslər ona çox ciddi təsir edəcək və bu isə regionda bəlli proseslərin sağlamlaşmasına gətirib çıxaracaq".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın xarici işlər naziri E.Nalbandyan ATƏT-in Yerevan ofisinin təşkilatçılığı ilə ATƏT üzvü olan dövlətlərin Ermənistanda akkreditasiya olunmuş bəzi səfirləri ilə nahar stolu arxasında görüş keçirib: "ATƏT səfirləri ilə görüşdə E.Nalbandyanın məqsədi ATƏT sədri İ.Daçiçin Yerevana səfərinə yeni don geyindirmək idi. Daçiç Yerevanda olarkən Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanla görüşüb. E.Nalbandyan bununla da ATƏT səfirlərinə təlqin etmək istəyir ki, Daçiç Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində fəaliyyətə başlayıb. E.Nalbandyanın bu fikri yalandır. Ən əsası ona görə ki, ATƏT-in sədri Serbiyanın xarici işlər naziri İ.Daçiç heç bir dövlətin Dağlıq Qarabağın müstəqil qurum kimi tanınması istiqamətində fəaliyyət göstərə bilməz. Ona görə ki, Serbiyanın özünün də ərazi bütövlüyü pozulub".

M.Əhmədoğlu deyib ki, digər tərəfdən də ümumiyyətlə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması mövzusu hazırda gündəlikdə deyil: "E.Nalbandyanın keçirdiyi tədbirin digər mahiyyəti isə ondan ibarətdir ki, E.Nalbandyan ATƏT üzvü olan dövlətlərin Ermənistanda akkreditə olunmuş səfirlərini, eləcə də Ermənistanın ən çox əməkdaşlıq etdiyi dövlətləri səviyyəsiz dövlətlər, səviyyəsiz səfirlər hesab edir. Əks təqdirdə, E.Nalbandyan səfirləri yalan, saxta fikrə inandırmağa cəsarət etməzdi. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini, Serbiyanın xarici işlər naziri İ.Daçiç Bakıda olarkən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla da görüşdü. Əgər Daçiçin görüşləri hər şeyi həll edirsə, onda məntiqi nəticə bundan ibarətdir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələ başlayıb və yeni mərhələdə əsas proseslər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları üzərində qurulacaq. E.Nalbandyan ATƏT-in planını belə başa düşürsə və bu vaxtadək Ermənistanı ATƏT-in Minsk Qrupu ilə birlikdə fəaliyyət göstərən dövlət kimi təqdim edibsə, onda buyursun Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu təqdir edən bəyanat yaysın. E.Nalbandyanın belə addımı təbii ki, özünü aldatmanın ən böyük nümunələrindən biridir. Kasıb Ermənistanın özünü aldatmaya pul xərcləməsi isə onu vacib hesab etdiyinə görədir".

Politoloq bu fikirdədir ki, S.Sərkisyanın özünün son dövrlərdə təkrarladığı ifadə ""millətlərin öz müqəddəratlarını təyinetmə prinsipi" "ərazi bütövlüyü prinsipi"ndən üstündür" tezisi də özünü aldatmadır. Əgər "millətlərin öz müqəddəratlarını təyinetmə prinsipi" üstün prinsip olsaydı dünyada 200 yox, 2000 dövlət yaranardı: "Bunu dərk etməyə S.Sərkisyanın savadı çatmır. Eləcə də, ətrafdakılar heç kim də S.Sərkisyana bu sadə elmi həqiqəti başa sala bilmir. Dünyada "ərazi bütövlüyü prinsipi"nə dəstək getdikcə artır. Ermənistan hətta özü Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildi. Avropa İttifaqının Riqa sammitində S.Sərkisyan yekun sənədə imza atdı".

M.Əhmədoğlu deyib ki, yekun sənəddə olan maddələrdən birində Şərq Tərəfdaşlığı üzv ölkələrinin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstək verilməsinin vacibliyi vurğulanırdı, S.Sərkisyan özbaşına Azərbaycan ərazi bütövlüyünü dəstəkləmədi.

Politoloqun sözlərinə görə, S.Sərkisyan Almaniyanın federal kansleri A.Merkelin təkidi ilə bu addımı atdı: "Əgər Almaniyanın federal kansleri A.Merkellə S.Sərkisyanın görüşündə Ermənistan üçün maraqlı bir şey var idisə, Ermənistanda bu görüşdən daimi danışardılar, tez-tez yazardılar. Məhz A.Merkel "ərazi bütövlüyü prinsipi"ni S.Sərkisyana məcbur etdirdiyinə görə, Ermənistan mətbuatı, S.Sərkisyanın ətrafının ən az diqqət ayırdığı məsələ onun Riqada Almaniyanın federal kansleri A.Merkellə keçirdiyi görüşdür".

M.Əhmədoğlu deyib ki, G-7-nin Almaniyada sammiti də dövlətləri ərazi bütövlüyü və suverenliyi prinsiplərinə dəstək verdi: "G-7-nin Almaniya sammitinin Yekun bəyannaməsinin preambula və xarici siyasət bölmələrini oxumaqla bunu görmək olar. Yekun bəyannamə konfliktləri beynəlxalq hüquq prinsiplərinin və qlobal sabitliyin eroziyasının göstəricisi kimi təqdim edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti