Bakı. Trend:
İslam dünyası XXI əsrin birinci onilliyində ən mürəkkəb və çətin dövrlərini yaşadı. Bundan əvvəl də İslam dünyasında müxtəlif problemlər meydana gəlib, lakin İslam dünyası bundan şərəflə çıxıb.
Trend-in məlumatına görə, bu barədə Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı İran səfirliyi tərəfindən təşkil edilən iftar süfrəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün dünyada İkinci dünya müharibəsindən sonra 80-ə yaxın münaqişə ocağı qeydə alınıb: " XXI əsrin 15 ili ərzində bu cür münaqişələrdə həlak olan insanların sayı 2,5 milyon nəfərə çatıb. Çox təəssüf ki, bu münaqişə ocaqları əsasən İslam ölkələrində baş verir".
Mübariz Qurbanlı qeyd edib ki, bunlardan biri də Fələstin münaqişəsidir və bu münaqişə İkinci dünya müharibəsindən sonra hələ də davam edir: "Amma Sovetlərin dağılmasından sonra davam edən digər münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Bu cür münaqişələr Dünyada və regionda sülhə və əmin-amanlığa təhlükə yaradır. Bu cür münaqişələrdə terror, ekstremizm bir alət kimi istifadə olunur".
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zamanında riayət edilsəydi, bu gün planetimizdə bəlkə də münaqişələrə yer qalmazdı. Fələstin, Dağlıq Qarabağ, Kəşmir bağlı qətnamələr var. Lakin bu qətnamələr yerinə yetirilmir. Yerinə yetirilməyən qətnamələr yeni münaqişə ocaqları yaradır.
Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə bu münaqişələrlə bağlı ədalətli prinsiplər öz əksini tapıb.