Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.
Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur.
KQHO-da Ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olunacaq.