Bakı. Ləman Zeynalova - Trend:
Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmor brifinq zamanı deyib.
O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır:
“Mən həm Azərbaycan, həm də Ermənistan səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”.
D.Gilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:
“Münaqişə yalnız diplomatik yolla həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə, yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənə qədər kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.