Bakı. Trend:
Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsinə dair Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ediblər.
Trend-in məlumatına görə, müraciət UNİCEF-in icraçı direktoru Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidenti Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidenti Siddharta Kaul, Uşaq Müdafiə Fondunun icraçı direktoru Bharti Vahi, Uşaqlar üçün Qlobal Fondunun prezidenti Con Heklingerə ünvanlanıb.
Müraciətdə deyilir: "Hörmətli Xanımlar və Cənablar, Biz, Azərbaycanda uşaq hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.
Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülmüş, 300-dən çoxu yaralanmışdır. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.
Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).
Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.
Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.
Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq".