"Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan və Ermənistan tərəfi paralel addımlar atmalıdır, belə ki, beynəlxalq strukturların vasitəçilik səylərinə baxmayaraq, müharibənin yenidən başlanması təhlükəsi hələ də aktual olaraq qalır". Trend in xəbər verdiyi kimi, bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) "Dağlıq Qarabağ: irəliləyişlər" başlıqlı hesabatında (166) bildirilir.
Qrup qeyd edir ki, nifrətin təbliğinin dayandırılmasına zərurət hiss olunur. Nə qədər ki, azərbaycanlı və ermənilərin birgə yaşama fenomeni qalmaqdadır, qarşılıqlı inam potensialını artırmaq və dialoqu davam etdirmək lazımdır.
"Dağlıq Qarabağ müstəqilliyə can atır və dövlətçiliyin formalaşması üçün zəminin olduğu demokratik hökumətin yaradıldığını təsdiq edir. Lakin Dağlıq Qarabağın Azərbayanın bir hissəsi olmasına baxmayaraq, o, hərbi və iqtisadi cəhətdən Ermənistandan asılı vəziyyətdədir. Onun ordusunun yarıdan çoxunu isə ermənilərin təşkil etdiyi güman edilir", - deyə məlumatda bildirilir.
Hesabatda o da qeyd olunur ki, Ermənistan əhalisinin əksəriyyəti, xüsusilə, gənc nəslin nümayəndələri birgə yaşamağın qeyri-mümkün olduğu qənaətindədirlər. "Ermənilər özləri haqqında "qurbanlar" konsepsiyası hazırlayıblar. İlk dəfə bu konsepsiya Osmanlı imperiyasının ermənilərə qarşı yürütdüyü siyasətdən sonra hazırlanıb. Və bu gün qurban olmaq qorxusu Dağlıq Qarabağda qanunsuz hökumət strukturlarının yaradılmasına haqq qazandıran və azərbaycanlılara nifrətin əsas vasitə və səbəbidir. Digər amil isə Dağlıq Qarabağ ermənilərinin iddialarıdır. Onlar bəyan edirlər ki, Azərbaycan hökumətinin ermənilərə qarşı hazırladığı genosid planına ciddi təhlükəsizlik zəmanəti verildikdən sonra "qarşılıqlı işğal olunmuş ərazilərin" azad olunması prosesinə başlanıla bilər. Onlar Dağlıq Qarabağı əhatə edən 6 rayonu "təhlükəsizlik zonası", Laçın rayonunu "vacib kommunikasiya yolu" hesab edirlər. Xankəndi bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı 6 rayon onlara təhlükəsizlik probleminin həllində və dinc əhalinin atəşə tutulmasını
n qarşısının alınmasında vacib rol oynayan bufer zona kimi lazımdır. Ərazilərin işğaldan azad olunmasına qədər onlar ciddi hərbi və siyasi zəmanətlər tələb edirlər.
Azərbaycan Dağlıq Qarabağın siyasi, iqtisadi, mədəni və sosial strukturlarında iştirak etmir. Nəticədə DQ strukturları monoetnik institutlara çevrilib, cəmiyyət isə dünyanın ən hərbiləşdirilmiş cəmiyyətidir.
Təşkilatda bildirilir ki, öz doğma yurdlarına qaytmaq hüququndan məhrum olmuş yarım milyondan çox azərbaycanlı Azərbaycan hökumətindən asılı vəziyyətdədir və gələcək haqqında heç bir təsəvvürləri yoxdur.
"Azərbaycan hökumətinin indiki strategiyası münaqişənin həllinin daha da uzadılmasına yönəldilib, lakin "didərgin düşmüş adamlar" hələ də ağır şəraitdə yaşayırlar və öz həmvətənləri ilə müqayisədə "aşağı statusa" malikdirlər".
Azərbaycan və Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ictimai fikirlər olduqca fərqlənir. "Tərəflərdən heç biri münaqişənin həlli üçün ictimaiyyətin hazırlanması üzrə işlər aparmır".
Azərbaycanlılar belə hesab edirlər ki, 1000 nəfər silahlı erməninin olması onların təhlükəsizliyinə zəmanət vermir. Onların azərbaycanlılara bir daha hücum etməyəcəklərinə heç bir zəmanət yoxdur.
Əgər Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağı tərk etsə, azərbaycanlı qaçqınlar həyatlarını təhlükə altına ataraq öz torpaqlarına qayıdacaqlar.
"Azərbaycan tərəfi bəyan edir ki, bu məsələdə beynəlxalq hüquq onların tərəfindədir və danışıqların heç bir nəticə vermədiyi təqdirdə onlar özlərinin ərazi bütövlüyünü təmin etmək üçün güc tətbiq edəcəklər. İrəvan isə bildirir ki, müharibəyə qədər Dağlıq Qarabağda yaşayan əhalinin böyük əksəriyyətini ermənilər təşkil edib və onlar qanuni əsaslarla özlərinin müqəddəratını həll etmək hüqundan istifadə ediblər.
Azərbaycan isə dinc əhaliyə qarşı qanunsuz olaraq güc tətbiq edərək Dağlıq Qarabağ ərazisini ermənilərdən təmizləməyə çalışıb. Ərazilərin bir hissəsinin Azərbaycana qaytarıldığı halda isə ermənilərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra torpaqlar azad oluna bilər".
BBQ-nin fikrincə, münaqişənin nizamlanması üçün ən vacib şərtlərdən biri də qarşılıqlı təhlükəsizlik və tolerantlıq olmalıdır. Azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda və digər rayonlarda heç bir qorxu hiss etmədən tolerantlıq şəraitində yaşamalıdırlar. Bunun üçün demokratik prinsiplər qurmaq lazımdır. Bəzi azərbaycanlılar və ermənilər artıq belə gələcəyi təsəvvür edirlər, - deyə hesabatda qeyd olunur.