...

Lalə Şövkət: "Dağlıq Qarabağ probleminin BMT səviyyəsində müzakirəyə çıxarılması müsbət hadisədir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2006 14:11 (UTC +04:00)

"Dağlıq Qarabağ məsələsinin BMT-nin Baş Assambleyasının sessiyasında müzakirəyə çıxarılmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan üçün uğurlu bir hadisədir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, keçmiş dövlət katibi Lalə Şövkət bildirib.

Xatırladaq ki, Gürcüstan, Ukranya, Azərbaycan və Moldovanın (GUAM) BMT-dəki təmsilçiləri avqustun 10-da Baş Assambleyaya müraciət edərək "GUAM ölkələri ərazisində uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı məsələnin 61-ci sessiyanın gündəliyinə salınması təklifilə çıxış ediblər. Baş Assambleyanın sentyabrın 13-də keçirilən iclasında bu məsələnin gündəliyə salınmasına dair qərar çıxarılıb.

Lalə Şövkət bunun Azərbaycan üçün önəmli hadisə olduğnu, lakin konkret müsbət nəticə verəcəyinə inanmadığını deyib: "Bu müzakirələrin necə həyata keçirilməsi və bizə hansı dividendi qazandırması bir qədər müəmmalı məsələdir. Çünki Dağlıq Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə çıxarılıb və indiyədək də işğalçı dövlət olan Ermənistan tərəfindən yerinə yetirilməyib. Ona görə bu dəfə də hansısa bir qərar çıxarılarsa, onun icra ediləcəyinə heç kəs əmin deyil. Açığını deyim, mən bundan müsbət nəticə gözləmirəm. Amma ümumilikdə BMT səviyyəsində müzakirələr müsbət haldır".

Lalə Şövkət əlavə edib ki, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq vasitəçilik missiyası ATƏT-dən alınıb BMT-yə həvalə olunmalıdır. Çünki ATƏT-in hansısa problemlə bağlı realizə imkanları yoxdur. Hətta ATƏT-in öz qərarlarının icrasına nail olmaq mexanizmi mövcud deyil. Belə mexanizm yalnız BMT-də var.

Qeyd edək ki, sabiq dövlət katibi Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir.

Xəbər lenti

Xəbər lenti