Bakı.Trend:
İranının ballistik raket və dron hücumları fonunda Əbu-Dabidə hava hücumundan müdafiə (HHM) qüvvələrinin fəaliyyəti zamanı səmada vurulan obyektlərin dağıntılarının yerə düşməsi nəticəsində iki nəfər xəsarət alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əmirliyin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əbu-Dabidə səlahiyyətli qurumlar iki fərqli ərazidə dağıntıların düşməsi nəticəsində baş vermiş iki insidentə operativ reaksiya verib. Birinci insident nəticəsində İordaniya vətəndaşı yüngül xəsarət alıb, ikinci insidentdə isə Misir vətəndaşı orta dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”
əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi
bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı
obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə
zərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi
general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin
müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk
günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket
və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.
Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.
8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid
Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri
seçib.
Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında aldığı ağır yaralardan sonra ölüb.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
