Bakı. Trend:
Hazırda havanın çirklənməsini ölçən stansiyalarından alınan məlumata görə, Tehranda hava şəraiti bütün qruplar üçün qeyri-sağlamdır.
Trend-in məlumatına görə, bunu İran parlamentinin Ətraf Mühit Fraksiyasının sədri Süməyyə Rəfiii yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehranın bəzi ərazilərində hava keyfiyyəti indeksi 165-ə yüksəlib. Bu, diametri 2,5 mikrondan az hissəciklərin qatılığının artmasına görədir.
İranlı deputat ABŞ və İsrailin hava hücumları nəticəsində Tehran ətrafında neft anbarlarının partlamasının havanın çirklənməsində əsas səbəb olduğunu qeyd edib. Havada yayılan tullantılara görə, vətəndaşların uyğun maskadan istifadə etmələri, lazım olmadığı halda mənzilləri tərk etməmələri məsləhət görülür.
Əlavə edək ki, 8 martda İsrail və ABŞ hərbi hava qüvvələri tərəfindən dörd yanacaq anbarı vurulub.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata “Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib. Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil olmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4” əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.
Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi olub.
8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında aldığı ağır yaralardan sonra ölüb.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
