...

VHP seçki komissiyalarında 8 partiyanın təmsil olunmasını təklif edir

Siyasət Materials 6 Oktyabr 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) seçki komissiyalarının səkkiz partiyadan ibarət formalaşdırılmasını təklif edir. Bu barədə şənbə günü Trend ə VHP-nin sədr müavini Akif İsmayılbəyli açıqlama verib.

Azərbaycanın Seçki Məcəlləsi hökumət və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə müzakirə edilir. Noyabrın 9-da Bakıda məcəllənin müzakirələrinə həsr olunmuş geniş toplantı keçiriləcək. Buna hazırlıq mərhələsi kimi cümə günü siyasi partiyaların nümayəndələrinin iştirakı ilə ilk görüş keçirilib.

VHP rəsmisi bildirib ki, onlar digər müxalifət partiyalarının seçki komissiyalarının tərkibinin formalaşdırılması barədə təklifləri ilə razılaşmır. Məsələn, "Azadlıq" blokunun təklifinə görə, komissiyalar son parlament seçkilərində namizədləri ölkə üzrə səslərin 1 faizindən çoxunu toplamış partiyalardan ibarət olmalıdır. Bu siyahıda VHP-nin adı yoxdur.

Müsavat, Ümid partiyaları, ADP və digərləri hesab edir ki, seçki komissiyaları iqtidarla müxalifət arasında bərabər bölünməlidir.

VHP adları çəkilən partiyaların təkliflərini qeyri-real və ədalətsiz hesab edir. İsmayılbəyli bildirib ki, VHP parlament seçkilərində partiya şəklində iştirak edən siyasi qurumların təmsilçiliyini təklif edir. Bunlar hakim Yeni Azərbaycan Partiyası, iqtidaryönlü Ana Vətən Partiyası, müxalifəti təmsil edən Müsavat, AXCP, VHP, ADP, Ümid, Ədalət partiyalarıdır. VHP-nin təklifinə görə, MSK-da 18 nəfərlik üzvdən yarısı YAP-ın, AVP-nin nümayəndələri və bitərəf şəxslərdən ibarət olmalıdır. Qalan yarısı isə adları çəkilən müxalifət partiyalarının nümayəndələrinə verilməlidir.

VHP hesab edir ki, mövcud təcrübəyə görə "bitərəf" adlı komissiya üzvləri iqtidarı dəstəklədiyi üçün onlar hakim partiya ilə bir yerdə qruplaşdırılmalıdır.

VHP 1992-ci ildə bir qrup ziyalı tərəfindən yaradılıb. Partiya 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti