...

Müxalifət partiyaları Azərbaycanda deputatların sayının 250-yə çatdırılmasını təklif edir

Siyasət Materials 11 Oktyabr 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Altı müxalifət təşkilatının (ADP, AMİP, ASDP, Müsavat, Tərəqqi partiyaları, Azərbaycan Naminə İctimai Forum) təmsil olunduğu məşvərət məclisi Konstitusiyaya və Seçki Məcəlləsinə dəyişikliklər layihəsini qəbul edib. Bu barədə cümə axşamı ADP-dən məlumat verilib.

KİV-lərə yayılan "Altılar"ın layihəsində bildirilir ki, Konstitusiyada islahatlar aparılaraq qarışıq (proporsional və majoritar) seçki sisteminin bərpa edilsin, Milli Məclis üzvlərinin sayı 125-dən 250 nəfərə artırılsın, onlardan 125-i majoritar, 125-i proporsional seçki sistemi üzrə seçilsin.

Seçki Məcəlləsinə dəyişikliklə bağlı təklif odur ki, seçki komissiyalarının tərkibində Azərbaycandakı əsas siyasi qüvvələrin balansı qorunsun, əsas siyasi partiyaların (iqtidar, iqtidaryönlü və müxalifət) nümayəndələri paritet şəkildə təmsil olunsunlar. Bunun üçün müxtəlif variantlar təklif edilir. Məsələn, komissiyalar iqtidar və 2005-ci il parlament seçkilərində iştirak edərək birinci ən çox seçici səsi toplayan siyasi partiya və partiyalar bloku tərəfindən formalaşdırılsın. Digər varinata görə, komissiyalarda iqtidar və 2005-ci il parlament seçkilərində iştirak edərək ən azı 1,5% etibarlı seçici səsi toplamış siyasi partiyalar və partiyalar bloku tərəfindən formalaşsın. Yaxud iqtidar və 2003-cü il prezident seçkilərində namizədi ən yüksək səs toplamış partiya və partiyalar bloku, həmçinin öz namizədilə iştirak etmiş partiyalar və ya prezidentliyə namizədləri MSK tərəfindən qeydə alınan partiyalar tərəfindən formalaşdırılması təklif edilir.

Seçki komissiyalarında qərarların qəbulu sadə səs çoxluğu- 50+1 prinsipi ilə həyata keçiriməsi təklif edilir.

"Altılar" dövlət məmurunun və ya vəzifəli şəxsin seçki komissiyalarına üzvlüyünü, həmçinin MSK üzvlərinin hər hansı başqa ödənişli fəaliyyətlə məşğul olmasını yolverilməz hesab edir.

MSK və DSK üzvlərinin ardıcıl keçirilmiş 2 seçkidən artıq seçki komissiyasının üzvü kimi təyin edilməməsi təklif olunur. Həmçinin, xaricdə seçki məntəqələri təşkil edilməyən ölkələrdə Azərbaycan vətəndaşlarının internet vasitəsi ilə səs verməsi, icra və hüquq mühafizə orqanları əməkdaşlarının seçki prosesinə müdaxiləsinə yol verilməməsi təklif olunur. Əlavə edilir ki, seçkidə iştirak edən namizəd siyasi partiyaların seçki saxtakarlığı ilə bağlı, müvafiq seçki komissiyası binasının 50 metrliyində etiraz aksiyası keçirə bilsin.

"Altılar" təkliflər sənədini digər müxalifət partiyaları ilə də razılaşdıraraq noyabrda Bakıda iqtidarla Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə keçiriləcək Seçki Məcəlləsinin müzakirələrinə dair toplantıda təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti