...

"Kriminal avtoritet"in qətli ilə bağlı əməliyyat qrupu Moskvaya ezam olunacaq

Siyasət Materials 29 Noyabr 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakıda qətlə yetirilən "Çeçen Ruslan" ləqəbli "kriminal avtoritet"in qətlinin araşdırılması üçün Moskvaya əməliyyat qrupu ezam olunacaq.

Bu barədə cümə axşamı Trend ə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Noyabrın 25-də axşam saatlarında Həsən Əliyev küçəsində, "Tonqal" restoranının qarşısında 45 yaşlı Rusiya vətəndaşı olan, Ağdam rayonunda doğulmuş Rüstəmov Raquf Bəhmən oğlu odlu silahla qətlə yetirilib.

Çərşənbə günü Rüstəmovun qətli ilə bağlı hadisə baş verən vaxt mərhumun yanında olan şəxslər Akif Sarıyev və Əlinur Sarıyev həbs ediliblər və barələrində Cinayət Məcəlləsinin təhlükədə qoyma (143) və ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə (307.1) maddələri ilə ittiham elan olunub.

Prokurorluqdan bildirilib ki, mərhum Rusiyada yaşadığından və orada biznes fəaliyyəti ilə məşğul olduğundan onun əlaqələrinin, fəaliyyətinin araşdırılması zəruridir. Bu səbəbdən də əməliyyat qrupu yaxın günlərdə Moskvaya səfər edəcək və Rusiyanın hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri həyata keçirəcək.

Saxlanılan şəxslər əmi və qardaşoğludur. Ə.Sarıyevin atası Çingiz Sarıyev bu il fevralın15-də Moskvada naməlum şəxslər tərəfindən qətlə yetirilib. Bu şəxslərin görüşlərinin əsas səbəbi də Ç.Sarıyevi kimin qətlə yetirdiyini aydınlaşdırmaq olub. Onlar istintaqa ifadələrində bildiriblər ki, görüş zamanı Rüstəmov pul basıb Çingizi qətlə yetirənləri tapdıracağına söz verib.

Restorandan birgə çıxarkən yolu keçən ağ "BMV" markalı avtomobildən Rüstəmova atəş açılıb. Avtomobil dərhal hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) və qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb.

Ucar rayonunun Qaracallı kəndindən olan Sarıyevlər Moskvanın Vıxino bazarı yaxınlığındakı "Veşnyaki" meyvə-tərəvəz bazasının rəhbərlərindən sayılıblar.

Moskvada "9 qardaş" adıyla tanınan azərbaycanlı qardaşlardan biri Ç.Sarıyev bu il fevralın 15-də, digər qardaş Şöhlət Sarıyev isə avqustun 29-dan 30-na keçən gecə Moskvada odlu silahla qətlə yetiriliblər.

Xəbər lenti

Xəbər lenti