...

"AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin adından bəyanat verilməsi qanunsuzdur" -AŞPA-dakı nümayəndə heyətinin üzvü

Siyasət Materials 14 Dekabr 2007 14:19 (UTC +04:00)
"AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin adından bəyanat verilməsi qanunsuzdur" -AŞPA-dakı nümayəndə heyətinin üzvü

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü təşkilatın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin adından Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı bəyanat verilməsini qanunsuz hesab edir. "AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin bəyanat verməsi üçün komitənin iclası keçirilməlidir və sənəd qəbul olunmalıdır. Komitənin iclası olmayıb. Ona görə də heç kim AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin adından bəyanat verə bilməz" - deyə cümə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.

Cümə günü Avropa Şurasının rəsmi İnternet saytında AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsinin Azərbaycanda mətbuatın vəziyyətinə dair bəyanatı yerləşdirilib. Bəyanatda qeyd olunub ki, Azərbaycanda jurnalistlər müntəzəm olaraq təqiblərə məruzə qalırlar. Komitə mətbuata qarşı təzyiqləri pisləyib.

Azərbaycanda hazırda 9 jurnalist həbsdədir. Onların əksəriyyəti böhtan və təhqirdə ittiham olunaraq həbs ediliblər.

Mirzəzadə qeyd edib ki, komitənin üzvləri müxtəlif ölkələri təmsil edən deputatlardır. Bu günlərdə isə komitənin iclası keçirilməyib.

"Komitənin sədri və ya hansısa üzvü öz adından hər hansı bəyanat verə bilər. Lakin bu, İnsan haqları və hüquq məsələləri üzrə komitənin mövqeyini əks etdirən bəyanat hesab oluna bilməz" - deyə Mirzəzadə əlavə edib.

Millət vəkili bildirib ki, komitə hər hansı bəyanat qəbul etmədiyinə görə, internetdə yerləşdirilən bəyanatda əks olunan fikirlərə münasibət bildirmək istəmir.

Azərbaycan AŞPA-da 12 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti