...

Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib

Siyasət Materials 9 Yanvar 2008 13:16 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib

Azərbaycan, Bakı, 9 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən Vətəndaş Birliyi Partiyası (VBP) siyasi kursunu dəyişib. "VBP prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir" - deyə çərşənbə günü Trend ə açıqlamasında VBP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Sabir Hacıyev bildirib.

VBP 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. 2000-ci ilin parlament seçkilərindən sonra partiyada fikir ayrılığı yaranıb və təşkilat partiya katibi, hazırda Ümid Partiyasının sədri olan İqbal Ağazadə və Ayaz Mütəllibovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Ağazadənin tərəfdarları 2003-cü ildə VBP adından imtina edib. 2003-cü ildə Mütəllibov VBP-nin Azərbaycan Sosial Demokrat Partiyasına birləşməsi haqqında qərar qəbul edib. Lakin partiya katibi olan Hacıyev bununla razılaşmayıb və VBP onun rəhbərliyi altında fəaliyyətini davam etdirir. VBP 2005-ci ilin parlament seçkilərinə müxalifət partiyası kimi qatılıb və hazırda seçki komissiyalarında müxalifəti təmsil edir.

Hacıyev bildirib ki, VBP radikal müxalifətçilikdən imtina edib: "Çünki Azərbaycanda radikal müxalifətçiliyin, hər şeyi inkar etmək siyasətinin heç bir perespektivi yoxdur. Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən siyasət dövlətin və xalqın maraqlarına cavab verir".

Millət vəkili qeyd edib ki, VBP yay aylarında qurultay keçirəcək. Qurultayda partiyanın prezident seşkilərində hansı formada iştirak edəcəyinə dair qərar qəbul olunacaq.

"VBP-nin prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyi ilə bağlı mənimlə partiya üzvlərinin mövqeyi üst-üstə düşmür. Qurultaydan öncə hansı namizədi dəstəklədiyimi bildirməyim partiya üzvlərinə təzyiq kimi qiymətləndirilə bilər. Ona görə də hansı namizədi dəstəklədiyimi açıqlamaq istəmirəm" - deyə Hacıyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti