Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın istiqlalçı deputatları milli azadlıq hərəkatının başlanmasının 20 illik yubileyinin qeyd olunması, 18 oktyabr Müstəqillik gününün dövlət bayramı statusunun bərpasını, istiqlalçı millət vəkillərinin xüsusi stasunun müəyyinləşdirilməsini tələb edirlər. Trend in məlumatına görə, bu barədə istiqlalçı deputatlar cümə günü keçirdikləri toplantıda bəyan ediblər.
1991-ci il martın 7-də Ali Sovetdə (parlamentdə) keçirilən səsvermə zamanı 254 nəfər deputat lehinə, 6 nəfər bitərəf olmaqla, 43 nəfər istiqlalçı millət vəkili SSRİ -nin saxlanılması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.
Sabiq millət vəkili Hacıbaba Əzimov bildirib ki, istiqlalçı millət vəkillərinə laqeyd münasibət var, onlar hətta deputat təqaüdlərini də almırlar, başqa ölkələrdə isə dövlət müstəqilliyində rolu olan şəxslərə ən yüksək hörmət və imtiyazlar göstərilir.
Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, 1993-cü ildə 43 nəfər deputatın tutduğu mövqe qəhrəmanlıq idi və bu gün onların ləkələnməsi, içtimai siyasi proseslərdən kənarlaşdırılması yolverilməzdir.
Sabiq millət vəkili Arif Hacılı bildirib ki, Azərbaycan müstəqilliyini sadəcə SSRİ-nin dağılması nəticəsində qazanmayıb, əksinə, Azərbaycanda başlanmış Milli Azadlıq Hərəkatı SSRİ-nin digər respublikalarının da müstəqillik qazanmasında rol oynayıb.
Sabiq millət vəkili Etibar Məmmədov bildirib ki, milli hərəkat dövründə müstəqilliyimizin əleyhinə çıxan, müstəqil bayrağımızın qaldırılmasına görə insanları həbs edən şəxslər bu gün dəvəzifələrdədirlər.
43 nəfər istiqlalçı deputatın adından qəbul olunmuş bəyanatda bildirilir ki, ölkədə məmur və məhkəmə özbaşınalığına son qoyulmalı, milli azadlıq hərəkatı barədə ziyanlı təbliğata yol verilməməli, dünyasını dəyişmiş istiqlalçı deputatların xatirəsi əbədiləşdirilməli, istiqlalçı deputatlara qarşı represiyalara yol vermiş məmur və hakimlər məsuliyyətə cəlb olunmalı, Dövlət Müstəqilliyi günü hər il təntənəli şəkildə qeyd olunmalı, sabiq deputatların pozulmuş hüquqları bərpa edilməlidir.