...

Azərbaycanın müxalifət bloku prezident seçkisinə qatılıb-qatılmayacağı qərarını mayın sonlarında verəcək

Siyasət Materials 28 Mart 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif "Azadlıq" bloku prezident seçkisinə qatılıb-qatılmayacağı qərarını mayın sonlarında verəcək. Bu barədə cümə günü Trend -a blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

"Azadlıq" bloku əlverişli seçki mühiti yaranmayacağı və seçki komissiyalarının tərkibinin dəyişdirilməyəcəyi təqdirdə prezident seçkisini boykot edəcəyini açıqlayıb. Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülüb.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Əliyev deyib ki, blokun seçkiyə qatılmaq şansı hələ tükənməyib. Onun sözlərinə görə, mayın sonuna kimi əlverişli seçki mühiti yaradılsa, blok birmənali olaraq seçkiyə qatılacaq. VİP sədri bildirib ki, blok seçkidə iştirak edəcəyi təqdirdə, seçkiyə vahid namizədlə gedəcək. "Partiyaların müzakirəsindən və çoxluğun tərəfdarı çıxdığı sədr blokun vahid namizədi olacaq" Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti