...

Minsk qrupu çərçivəsində sülh sazişi əldə olunsa, azərbaycanlı qaçqınların pozulmuş haqları ilə bağlı problem birdəfəlik həll olunacaq - AŞ-nin insan haqları üzrə komissarı

Siyasət Materials 15 Aprel 2008 22:32 (UTC +04:00)
Minsk qrupu çərçivəsində sülh sazişi əldə olunsa, azərbaycanlı qaçqınların pozulmuş haqları ilə bağlı problem birdəfəlik həll olunacaq -  AŞ-nin insan haqları üzrə komissarı

Fransa, Strasburq, 15 aprel / Trend müxbir A.Məhərrəmli/ Bu gün AŞPA-nın plenar iclasında AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberq çıxış edib və avropalı parlamentarilərə 2007-ci il üçün hazırladığı illik yekun hesabatı təqdim edib. Komissarın çıxışından sonra deputatlar ona öz suallarını veriblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Hammarberqə müraciyyətində onun çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyon qaçqın düşmüş azərbaycanlıların pozulmuş haqları haqda danışmadığına görə təəssüfləndiyini söyləyib. "Yüz minlərlə insan indi öz yurd-yuvalarına qayıda bilmir. Cənab Hammarberq, siz komissar olaraq necə hesab edirsiniz - bu insanlar üçün nə etmək olar? Bəlkə onlara qayğını daha da artırmaq lazımdır?", - deyə o vurğulayıb.

Öz növbəsində komissar azərbaycanlı deputatın sualına cavab olaraq bunları deyib: "Bizim ötən ilin sentyabrında vəziyyəti yaxından öyrənmək məqsədilə Azərbaycana səfərimiz oldu. Bu səfərdən sonra xüsusi hesabat hazırladıq. Həmin hesabatda bütün lazım olan tövsiyyələr öz əksini tapıb. Bu hesabat üzərində işləyərkən qaçqın düşərgələrinə baş çəkdik ve oradakı insanlarla söhbətlər apardıq. Bundan başqa biz hesabatda onu da qeyd etdik ki, Azərbaycan hökuməti qaçqınların həyat tərzini daha da yaxşılaşdırmaq üçün son vaxtlar bir çox mühüm işlər görüb ve bunu görməmək mümkün deyil. Lakin bele hesab edirəm ki, bu məsələnin tam həlli Ermənistan ve Azərbaycan arasındakı sülh sazişindən asılı olan bir məsələdir. Ümid edirik ki, söhbət Insan Haqlarının qorunmasından gedəndə bizim hesabat ve hazırladığımız sənədlərin bu hüquqların bərpa olunmasında hansısa köməyi olacaq. Yəni Minsk qrupu çərçivəsində sülh sazişi əldə olunsa, fikrimcə bu problem birdəfəlik öz həllini tapacaq".

Xəbər lenti

Xəbər lenti