Avstriya, Vyana, 01 may/ , müxbir A.Ələsgərov/ Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) çərçivəsində aprelin 28-30-da Vyanada, Azərbaycanda birinci nüvə tədqiqat reaktorunun tikilməsi məsələsi üzrə üçgünlük məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov başçılıq edib.
Qəribov Trend -un Vyanadakı xüsusi müxbirinə keçirilən danışıqların yekunlarını şərh edib.
- Keçirilən məsləhətləşmələrin əsas nəticəsi nədən ibarətdir?
- Hazırkı mərhələdə Azərbaycan müxtəlif layihələr təqdim edib. Lakin bu görüşdə Azərbaycanda birinci nüvə tədqiqat reaktorunun qurulması haqqında məsələ nəzərdən keçirilib. Başlıcası odur ki, MAQATE Azərbaycanda nüvə tədqiqat reaktorunun tikilməsinə dəstək verir.
- Ümumilikdə görüşdə hansı layihələr nəzərdən keçirilib?
- 2009-2011-ci illər üçün Azərbaycan və MAQATE arasında texnik kooperasiya səviyyəsində bir neçə layihə təklif edilib. Bu layihələrdən ikisini Azərbaycan AMEA təklif edib. Birinci layihə Azərbaycanda birinci təcrübi atom reaktorunun, ikinci layihə isə radiasiya sterilizasiya edən mərkəzin tikintisi ilə bağlıdır. Bu layihələr çox vacibdir. Belə ki, Azərbaycan atom dövrünə daxil olur. İndiyədək respublikada heç bir atom obyekti və atom materialı olmayıb. Bizim diskussiya mövzumuz onların qarşısında dayanan bu layihə və tapşırıqlar, layihələrin reallaşdırılma imkanları ilə bağlı olub. Danışıqlar çox qızğın keçib və son nəticədə qərara alınıb ki, reaktorun tikintisi layihəsi beynəlxalq meyarlar çərçivəsində həyata keçirilməlidir.
Birinci mərhələdə reaktorun texniki-iqtisadi əsaslandırılması hesablanmalı və yeni münasib reaktor seçilməlidir. Hazırda müxtəlif ölkələrdə müxtəlif reaktorlar hazırlanır. Bizim respublika bu reaktorlardan hanısının bizim şəraitə münasib olduğunu həll etməlidir və bütün bunlar ekspertlər tərəfindən analiz ediləcək.
Bundan əlavə, reaktorun mümkün tikintisi, nüvə təhlükəsizliyi üzrə infrastrukturun yaradılması yerlərinin nəzərdən keçirilməsi üçün layihə yaradılıb və ən əsası, reaktora xidmət göstərəcək kadrların hazırlanması üzrə işçi planlar hazırlanıb. Düşünürəm ki, üç ilə hesablanan layihəni biz artıq 2009-cu ilin sonunda bitirəcək və münasib reaktoru seçəcəyik.
Əlavə etmək istəyirəm ki, MAQATE və bizim respublika reaktorun tikintisinə razıdır. Lakin bu o demək deyil ki, elə sabahdan reaktor işləməyə başlayacaq. Bunun üçün zəmin yaratmaq lazımdır - bu isə təhlükəsizlik və maliyyə dəstəyi deməkdir.
- Stansiyada hansı tip reaktoru quraşdırmaq nəzərdə tutulur?
- Bunu biz layihənin sonuna yaxın deyə bilərik. Bu, görülən işin keyfiyyətindən, respublikanın maliyyə imkanlarından və reaktorun idarə edilməsi bacarığından asılıdır. Belə ki, bu iş yenidir və təfərrüatlarınadək öyrənilməlidir. Respublika reaktorun quraşdırılması üçün təhlükəsiz iş mühitinə zəmanət verməlidir.
- Bəs stansiyanın qurulacağı yer nə zaman müəyyən ediləcək?
- İndi stansiyanın tikintisi üçün yerlər nəzərdən keçirilir. Lakin yerin hidroloji analizi kimi tədqiqatlar aparılmalıdır. Düşünürəm ki, bu, dövlət müvafiq büdcə ayırdıqdan sonra bu il baş verəcək.
- Kadrların hazırlanması məqsədilə hansı iş aparılacaq?
- İki imkan var. Birincisi bura ekspertlər göndərməkdir. Əlbəttə, buna sistematik şəkildə ehtiyac olacağı üçün, MAQATE ilə bizim ATM-də müvafiq kafedraların yaradılması imkanları barədə razılaşmışıq. MAQATE hələ ki, buna dəstək verir.
- Bu razılaşmalardan sonra MAQATE ekspertləri Azərbaycana tez-tez səfər edəcəklər?
- Azərbaycan MAQATE-yə bir neçə layihə təqdim etdiyi üçün, demək olar ki, onun nümayəndələri ildə 10-15 dəfə Azərbaycana səfər edirlər. Səfərlər layihənin hansısa bir mərhələsi yekunlaşdıqdan sonra həyata keçirilir. Artıq demək mümkündür ki, Azərbaycan MAQATE ilə işgüzar münasibətlər yaradır.