...

Xameneinin nüvə proqramına dair bəyanatı İranın Qərbin təkliflərini rədd etməsi deməkdir - Trend News-un icmalçısı

Siyasət Materials 4 İyun 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir D.Xatınoğlu/ İranın dini lideri Ayətullah Xameneinin ölkədə nüvə proqramının davam etdirilməsi barədə verdiyi bəyanat, dolayısıyla uranın zənginləşdirilməsinin dayandırılması məqsədilə Qərbin İrana verdiyi təkliflərin rədd edilməsi ehtimalını gücləndirir.

Xamenei iyunun 3-də İmam Xomeyninin vəfatının 19-cu ildönümü ilə əlaqədar çıxışı zamanı bildirib ki, ölkədə nüvə proqramı sırf elektrik enerjisi istehsalı məqsədi daşıyır və rəsmi Tehran nüvə silahı əldə etmək niyyətində deyil. Bu bəyanatın Avropa Birliyinin xarici siyasət üzrə Ali Kommisarı Havyer Solananın Tehrana səfəri ərəfəsində verilməsi təsadüfi deyil.

Ayətullah Xamenei İranda yüksək vəzifəli şəxs kimi bu bəyanatla dolayısıyla Qərbin İrana verdiyi təklifləri rədd edib. BMT Təhlükəsizlik Şurasında daimi üzv dövlətlər İranın uranı zənginləşdirilməsini dayandırması üçün rəsmi Tehrana iqtisdi imtiyazlar təklif ediblər. İran da öz növbəsində, Qərbin təkliflərinə alternativ olaraq, "Altılıq" (Çin, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya və Almaniya) ölkələrinə özünün təkliflərindən ibarət təkliflər zərfi hazırlayıb. İranın alternativ təkliflər zərfi hazırlaması, Qərbin təkliflərinə qeyri-ciddi yanaşmasını göstərirdi. Xameneinin bəyanatı isə, sanki hakimiyyətin "son sözü" kimi Qərbə çatdırıldı.

İran ABŞ-dan gözlənilən hücumlardan qorxur və nüvə proqramı da özünümüdafiə xarakteri daşımaqla, qoruyucu vasitə kimi islam hakimiyyətinin təhlükəsizliyi üçün vacibdir. ABŞ İranın təhlükəsizliyinə dair zəmanət verməyincə, rəsmi Tehranın nüvə proqramını dayandırması mümkün deyil.

MAQATE-nin Baş katibi Əl-Bəradeinin mayın 26-da Hakimlər Şurasına təqdim etdiyi məruzənin 32 bəndinin 24-ü birbaşa İranın nüvə silahı istehsal etmək niyyətində olmasına dair iddialardan ibarət olub. İran ümid edirdi ki, Əl-Bəradeinin məruzəsi daha çox rəsmi Tehranın mövqeyini dəstəkləyəcək. Bununla da İran təkliflər zərfi ilə bağlı Qərbdən daha çox imtiyazlar alacağını düşünürdü. Lakin Əl-Bəradeinin son məruzəsi faktiki olaraq İranı müxtəlif ittihamlarla qarşı-qarşıya və məğlub vəziyyətə qoyub.

İranın dini liderinin Qərbin təkliflərinə rədd cavabı verməsi isə, bu şəraitdə heç də gözlənilməz deyil.

Xəbər lenti

Xəbər lenti