...

Fransanın Suriya-İsrail danışıqlarında iştirakı Yaxın Şərqdə Sarkozinin imicini möhkəmləndirəcək – ekspertlər

Siyasət Materials 19 İyun 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun Trend müxbir E.Tariverdiyeva, U.Sadıqova, R.Abdullayev, R.Hafizoğlu/ Rəsmi Parisin Suriya və İsrail danışıqlarında könüllü iştirakı Suriya-Fransa münasibətlərini bərpa edəcək və Yaxın Şərqdə Nikolya Sarkozinin nüfuzunu möhkəmləndirəcək.

"Prezident Sarkozinin hakimiyyəti dövründə Fransa, şübhəsiz ki, diplomatik arenada özünü yenidən təsdiqləyir. Fransa, ənənəvi olaraq, Suriya ilə sıx münasibətlər saxladığından, Parisin Dəməşq və üçüncü tərəf arasında vasitəçiliyində qeyri-adi heç bir şey yoxdur", - Yaxın Şərq üzrə amerikalı ekspert Devid Leş (David W. Lesch) hesab edir. Fransanın xarici işlər naziri Bernar Kuşner çərşənbə axşamı parlamentə bildirib ki, şəxsən İsrailin Baş naziri Ehud Olmert və Suriya prezidenti Bəşər Əsədin Suriya və İsrail arasında danışıqlar stolu arxasına əyləşmələrinin qeydinə qalacaq.

Leşin rəyinə görə, son bir neçə ildə Fransa-Suriya münasibətlərinin pisləşməsinə Livanla bağlı vəziyyət və Fransanın Suriyanı Beyrutun daxili işlərinə qarışmasında ittiham etməsi səbəb olub.

"Nikolya Sarkozi iyulun ortalarında Aralıq dənizi İttifaqının iclasından İsrail-Suriya danışıqlarında irəliləyiş və ola bilsin ki, Suriya prezidenti Bəşər əl-Əsəd və İsrailin Baş naziri Ehud Olmert (və ya İsrail prezidenti Şimon Peres) arasında görüşün təşkili üçün bir imkan kimi istifadə edəcək", - Triniti Universitetinin (ABŞ) Yaxın Şərq üzrə mütəxəssisi, professor Leş elektron poçtla Trend -a bildirib.

Onun rəyinə görə, Suriyanın Livanda hakimiyyətin bölünməsinə dair mayda Dohada imzalanan sazişə təsiri Fransa-Suriya diplomatik əməkdaşlığının bərpası üçün yeni imkanlar yaradıb.

"Başqaları kimi, Fransa da anlayıb ki, Hizbullahın Livan böhranında Doha sazişində möhkəmləndirilmiş qələbəsi Suriyanın Livandakı təsirini möhkəmləndirib", - Leş hesab edir.

Müstəqil Suriya eksperti Hüsni Məhəllinin rəyinə görə, Fransa bu danışıqlarda iştirakı ilə Yaxın Şərqdə, eləcədə Suriyada əvvəlki təsirini bərpa etməyə çalışır.

"1917-ci ildə Yaxın Şərqdə Osmanlı ağalığına son qoyulduqdan sonra, Fransa və Britaniya daim burada təsirə malik olublar", - Məhəlli cümə axşamı telefonla Türkiyədən Trend -a bildirib.

Onun sözlərinə görə, Fransan bu danışıqlarda xüsusi tərəfdir. "Yəhudi mənşəli Sarkozi yəhudilər arasında imicini yüksəltmək üçün bu sülhməramlı missiyanı öz üzərinə götürüb", - Məhəlli hesab edir.

Türkiyənin bu məsələdə rolu az əhəmiyyətli deyil. Yaxın Şərq üzrə türkiyəli mütəxəssis Mustafa Özcan hesab edir ki, Türkiyənin Suriya və İsrail arasında danışıqlarda iştirakı artıq öz bəhrəsini verib və tərəflər Ankaranın vasitəçiliyi ilə danışıqlara başlayıblar.

"Fransanın Suriya və İsrail münasibətlərində vasitəçi kimi çıxış etmək aruzu rəsmi Parisin Dəməşqlə öz strategiyasını möhkəmlətməyi istəməsi ilə diktə edilib", - Özcan cümə axşamı Trend -a bildirib.

İsrailin "Herut" partiyasının lideri Mixael Klyaner hesab edir ki, İsrail məhz Ankaranın İsrail-Suriya danışıqlarında vasitəçilik yardımı göstərməsində maraqlıdır. Belə ki, Türkiyə regionda xüsusi tarixi rola malikdir və bu uzun sürən İsrail-Suriya münaqişəsində İsrailin maraqlarını yaxşı anlayır.

Professor Leş hesab edir ki, danışıqlar vasitəçi rolunun Türkiyədən Fransaya keçməsinə səbəb ola bilər. Fransa beynəlxalq danışıqları daha səmərəli edəcək və bununla, xüsusilə də yeni prezident administrasiyasının Vaşinqtonda 2009-cu ilin yanvarında hakimiyyətə gələcəyi zaman Suriyanı ABŞ-ın dəstəyini qazanmaq imkanına daha da yaxınlaşdıracaq.

"Fransanın vasitəçi rolu Türkiyə ilə müqayisədə daha səmərəli ola bilər", - professor söyləyib.

Leşin rəyinə görə, Fransa daim Birləşmiş Ştatlar, Suriya və İran kimi ölkələr arasında öz vəziyyətində müəyyən ikimənalılığa can atıb. Bu ikimənalılıq Fransaya öz təsirini yaymağa və yenidən Suriya ilə qarşılıqlı əlaqələrə girməyə imkan verib.

Özcanın fikrincə isə, ABŞ-ın bu prosesdə birbaşa iştirakı mümkün deyil. Belə ki, Vaşinqton və Dəməşq arasındakı münasibətlər gərgindir. "Lakin regionda sabitliyin bərqərar edilməsi üçün ABŞ-ın rolunu tamamilə istisna etmək lazım deyil", - mütəxəssis hesab edir.

Politoloq Məhəllinin rəyinə görə, hazırda Fransa hökuməti ABŞ-ın vasitəçiliyi ilə Suriya və Livanda təsirini bərpa etməyə, həmçinin, İraqın şimalında Ərbil şəhərində kürdlər üzərində ağalığını möhkəmləndirməyə çalışır.

"Suriya regionda vacib mövqe tutur və bununla əlaqədar Fransa Suriya və İsrail danışıqlarında Türkiyədən çox rol oynamaq istəyir", - Məhəlli bildirib.

Suriya və İsrail arasında sülhün özünə gəldikdə isə türkiyəli politoloq hesab edir ki, israillilər İsrailin 1967-ci ildə işğal etdiyi Colan yüksəkliklərini tərk etməyənədək, bu ölkə ilə sülh müqaviləsi imzalanmayacaq.

"İsrail ərəb ölkələrinə münasibətdə siyasətini dəyişməli, Fələstin dövlətinə tam müstəqillik verməli, həmçinin, Qüdsü azad etməlidir. Müvafiq olaraq, bu üç şərt olmadan sülh sazişinin imzalanması mümkün deyil", - o bildirib.

Mustafa Özcan hesab edir ki, Suriya və İsrail arasında danışıqların nəticələrindən danışmaq hələ tezdir; tərəflər qeyri-mümkün tələblər irəli sürürlər.

"Hazırda İsrailin Suriyaya vacib tələblərindən biri Hizbullah və Həmasla münasibətlərin kəsilməsi, həmçinin, İranla hərbi əməkdaşlığın dayandırılmasıdır. Hesab edirəm ki, Suriya və İsrail danışıqları yalnız siyasi möhtəkirlikdir", - türkiyəli mütəxəssis hesab edir.

İsrailin "Herut" partiyasının lideri Mixael Klyaner hesab edir ki, İsrail, Suriya da daxil olmaqla, ərəb qonşuları ilə sülhə gələ bilər və buna hazırdır. Lakin bu prosesdə çoxlu şübhəli məqamlar var. İsrailli siyasətçinin rəyinə görə, onlardan biri Suriyanın Şimali Koreya və İranın yardımı ilə nüvə reaktoru yaratmağa can atmasıdır.

"Suriya İsraili yer üzündən silməyə can atan İran və Hizbullah terror təşkilatı ilə strateji əlaqələri inkişaf etdirir və bu, İsrail və Suriya arasında sülh danışıqlarına maneə törədir", - Klyaner çərşənbə günü Trend -a bildirib.

Onun rəyinə görə, İsrailin sağ düşərgəsinin nümayəndələri, israillilərin əksəriyyəti Colan yüksəkliklərini Suriyaya qaytarmağa hazır deyillər.

"Yeganə kompromis variant Çin və Honkonq arasında sülh müqaviləsinin sxemi üzrə saziş ola bilər; Suriya Colan yüksəklikləri ərazisini 100 il müddətinə İsrailə icarəyə verir", - israilli siyasətçi vurğulayıb.

Klyanerin rəyinə görə, İsrail 1967-ci ildə Colan yüksəkliklərini tutaraq, bu ərazidə yaşayan 20 min sakindən heç birinə toxunmadığı halda, bu gün Suriya israilliləri yüksəkliklərdən köçürməklə hədələyir.

2005-ci ilin fevralında Livanın keçmiş Baş naziri Rafiq Həririnin öldürülməsindən sonra, bir çox qərb ölkələri Suriyanın bu qətldə əli olmasından şübhələnirdilər. O zaman Fransa prezidenti olan Jak Şirak, Suriyanın bu işin araşdırılmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlığa başlamasınadək, bu ölkənin yüksək vəzifəli rəsmi şəxsləri ilə əlaqələri müvəqqəti dayandırmaq qərarına gəlib. Prezident Nikolya Sarkozi hakimiyyətə gəldikdən sonra, Suriyanın yüksək vəzifəli rəsmi şəxsləri ilə dialoqu bərpa etdi, lakin sonradan, Suriya Livandakı vəziyyətin nizamlanmasında "nəzərəçarpacaq irəliləyişə" nail olmaq üçün yardım etməyə başlayanadək, dialoqu müvəqqəti dayandırmağı məqbul bilib.

Bu ilin mayında, Livanın bütün tərəfləri ölkənin yeni prezidentinin seçilməsi məsələsi üzrə razılığa gəldikdən sonra, Sarkozi şəxsi təşəbbüslə, Suriya prezidenti Bəşər Əsədə Livandakı vəziyyəti, Suriya-İsrail sülh prosesini və Fransanın irəli sürdüyü "Aralıq dənizi İttifaqı" Proqramını müzakirə etməyi təklif edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti